BAKI, 22 dek — Sputnik. Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə münasibətlərə dair maraqlı addım atıb. O, Barak Obama administrasiyasından fərqli olaraq, Rusiyanı ölkəsinin milli təhlükəsizliyinə əsas təhdidlər sırasına daxil etməyib.
Sputnik xəbər verir ki, bu barədə ABŞ-ın məşhur "Foreign policy" nəşri məlumat yayıb.
Donald Tramp administrasiyasının hazırladığı "Təhlükəsizlik prioritetləri" raportunda İŞİD-lə mübarizə və onun məhv edilməsinə dair strategiyanın işlənib hazırlanması əsas yer tutub. Bundan başqa sənədə ölkə müdafiəsinin gücləndirilməsi və Pentaqonun işinin səmərəliliyinin artırılması daxildir. Raportda Rusiyanın adı çəkilməyib.
Donald Tramp administrasiyasının hazırladığı "Təhlükəsizlik prioritetləri" raportunu Sputnik-ə şərh edən keçmiş dövlət müşaviri Qabil Hüseynli hesab edir ki, Donald Trampın söylədiklərinə ehtiyatla yanaşmaq lazımdır. Çünki o, dediklərinin əksini də edə bilər.
"Barak Obama zamanında Amerikanın bir nömrəli düşməni Rusiya hesab olunurdu. Donald Tramp isə belə hesab etmir. Hər halda münasibətlərin yaxşılaşmasına cəhd ediləcək. Rusiya-ABŞ əlaqələrinin yaxşılaşmasını bütün dünya istəyir. Ancaq bir şərtlə ki, bu yaxınlaşma meyli beynəlxalq hüquqa, kiçik xalqlara ədalətli münasibətin təzahürü kimi özünü büruzə versin", — politoloq deyib.
Bununla belə Qabil Hüseynli hesab edir ki, Donald Tramp rəsmi formada vəzifəsinə başlayanda seçki kampaniyasında dediklərinin hamısını etməyə də bilər: "Bəli, düzdür ki, Tramp seçki kampaniyası ərəfəsində bir çox sözlər verib. Verilən sözlərdən biri də Rusiya ilə yaxınlaşmadır. Onun dedikləri baş tutacaq, ya tutmayacaq, bu hələ sual altındadır. Böyük bir dövlətin prezidenti seçilsə də, Donald Tramp siyasətin bütün nüanslarını hələ dada bilməyib. Ona görə də onun söylədiklərinə ehtiyatla yanaşmaq lazımdır. Dediklərinin əksini də edə bilər".
Mövzu ilə bağlı politoloq Fikrət Sadıxov da Sputnik-ə şərh verib. F.Sadıxovun sözlərinə görə, Donald Tramp qlobal siyasətdə Rusiya ilə hesablaşmağın vacib olduğunu düşünür:
""Foreign Policy" nəşrinin yaydığı raportda təəccüblü heç nə yoxdur. Çünki seçkiqabağı kampaniya ərəfəsində də Tramp çıxışlarında dəfələrlə qeyd edib ki, Rusiya mühüm bir dövlətdir və indiki geosiyasi vəziyyətdə Rusiyanı inkar və təcrid etmək düzgün deyil. Hətta o bəyan etmişdi ki, Rusiyaya qarşı olan sanksiyalar da ləğv edilə bilər. Tramp terrorçulara qarşı Rusiya ilə birgə çalışmağın vacibliyini düşünür."