BAKI, 21 dek-Sputnik. Rusiya XİN və "Rosturizm" Dövlət Agentliyi ölkə vətəndaşlarını Türkiyəyə səyahətin təhlükəli olduğu barədə xəbərdar edib.
Sputnik-in məlumatına görə, Rosturizm bütün turizm operatorlarını öz müştərilərini Türkiyə Respublikasındakı situasiya, ora səyahət zamanı onları gözləyən risklərlə bağlı xəbərdar etməyə çağırıb.
XİN-dən bildiriblər ki, turistlər istirahət üçün yer seçərkən son dərəcə ehtiyatlı olmalı, təhlükəsizlik səviyyəsinə xüsusi diqqət yetirməlidirlər.
Rusiyanın xarici siyasət idarəsi hesab edir ki, turistlər Türkiyəni seçərkən bütün mümkün faktorları nəzərə almalıdırlar.
"Düşünürəm ki, Türkiyəyə gedən hər bir insan bunu etməmişdən əvvəl ciddi düşünməlidir. Çünki orada demək olar ki, hər gün terror aktı baş verir" — deyə RF xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.
Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlov Ankaradakı müasir İncəsənət Mərkəzində keçirilən foto sərgisində çıxış edərkən silahlı hücum nəticəsində qətlə yetirilib. Onu Türkiyə çevik polisinin əməkdaşı öldürüb. Karlov aldığı güllə yaralarından xəstəxanada keçinib. Onun nəşini Moskvanın "Vnukovo" aeroportunda RF XİN-inin başçısı Sergey Lavrov qarşılayıb.