BAKI, 20 dek — Sputnik. Xəbər verdiyimiz kimi, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir hospitalda həyatını itirib.
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu səfirə hücum edən şəxsin polis məmuru Mövlud Mert Altıntaş olduğunu bildirib. Türkiyə mediasının yazdığına görə, araşdırmalar nəticəsində onun Fethullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsinin olduğuna dair tutarlı dəlillər tapılıb.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov hadisə ilə bağlı fikirlərini Sputnik-ə açıqlayıb. O, bu terrorun Rusiya-Türkiyə münasibətlərinə qarşı növbəti qəsd olduğunu bildirib: "Qardaş Türkiyədə qonşu Rusiyanın səfirinin qətlə yetirilməsi təxribat və acı terror hadisəsidir. Terrorçunun isə vətəni olmur. İlk növbədə bu, Türkiyəyə qarşı növbəti terrordur".
Rufiz Qonaqov qeyd edib ki, bu hadisə növbəti dəfə Türkiyə-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür: "Türkiyəni təkləmək, ölkədəki vəziyyəti gərginləşdirmək, diplomatlar arasında vahimə yaratmaq, dövlətin imicinə zərbə vurmaq terrorçuların əsas məqsədidir. Bu hadisədə qalib tərəf yoxdur. Çox güman ki, Rusiya rəhbərliyi bunu gözəl bilir və bu halların qarşısının alınmasında Türkiyəyə dəstək olacaq".