BAKI, 18 dek — Sputnik. "Təbii ki, Azərbaycan durub Rusiyaya hücum edən deyil. Bizim ancaq bir düşmənimiz var, o da Ermənistandır. Ona görə hesab edirəm ki, İsraillə Azərbaycan arasında müdafiə sahəsində imzalanan müqaviləyə Rusiyadan heç bir mənfi təzyiq olmayacaq".
Bunu Sputnik-ə açıqlamasında, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) rəhbəri Vahid Bayramov deyib. İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə son səfərini və iki ölkə arasında müdafiə sahəsində imzalanan, həcmi 5 milyard dollara yaxın olan müqaviləni dəyərləndirən V. Bayramov bildirib ki, hər dövlət başqa bir dövlətlə silah ticarəti qurmaqda sərbəstdir və bu, beynəlxalq hüquqa zidd deyil.
"Başqa ölkələrin olduğu kimi, Azərbaycanın da haqqı var ki, istənilən dövlətlə silah alveri aparsın. Əlbəttə, aydın məsələdir ki, Rusiya böyük dövlətdir. Biz onlardan da silah alırıq. Eynilə də başqa ölkələrdən, o cümlədən də İsraildən. Bu, ticarətdir, normal qarşılanmalıdır", — ekspert bildirib.
O, Rusiyadan hər hansı təzyiq olacağını zənn etmir: "Əgər yadınızdadırsa, ermənilər Rusiya baş nazirinin müavini Dmitri Roqozinə etiraz eləmişdilər ki, "siz nə üçün Azərbaycana silah satırsınız?" O da cavab vermişdi ki, "əgər biz satmasaq, Azərbaycan özünə başqa yerdən silah alacaq". Yəni ruslar özləri də bunun bir ticarət olduğunu yaxşı bilirlər".
Assosiasiya rəhbəri əlavə edib ki, Azərbaycan bir neçə ölkədən, Pakistandan, Türkiyədən də silah alır və almağa davam edəcək. Bayramov, İsrailin Azərbaycana "Dəmir qübbə" raket əleyhinə müdafiə sistemi satmaq istəməsi, həmçinin iki ölkə arasında Bakıda imzalanan 5 milyard dollar həcmindəki silah ticarətinə Ermənistanın hansı reaksiya göstərəcəyi ehtimalından da danışıb: "Əlbəttə, onlar həmişə olduğu kimi, hay-küy salacaqlar. Etiraz edəcəklər. Buna normal baxmaq lazımdır. Bizə Ermənistanın 1 santimetr torpağı lazım deyil. Bizə öz ərazimizi düşməndən azad eləmək lazımdır. İsraillə imzalanan silah sazişi ərazilərimizi azad eləmək üçündür. Başqa məqsədimiz yoxdur".
Qeyd edək ki, İsrail Azərbaycana raket əleyhinə müdafiə sistemi sata bilər. Bu məsələ İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana dünən etdiyi səfər zamanı da müzakirə olunub.