BAKI, 16 dek — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daim yüksək səviyyədə əməkdaşlıq, dostluq, qarşılıqlı anlaşma prinsipləri ilə xarakterizə olunduğunu bildirərək, bu prinsiplərin əlaqələrimizin müxtəlif istiqamətlərini, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika sahələrində sıx qarşılıqlı fəaliyyət ənənələri əsasında uğurla inkişaf etdiyini deyib.
Prezident Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu gün komissiyanın Bakıda keçirilən iclası zamanı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin konstruktiv və uğurlu şəkildə müzakirə edildiyini vurğulayıb. Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu əlaqələr son dövrlərdə daha sürətlə inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri bunun yaxşı göstəricisidir. Dövlət başçısı qeyd edib ki, bu baxımdan Rusiya Federasiyasının Prezidentinin son üç ildə Azərbaycana üç dəfə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirin müavini Dmitri Roqozin, Hökumətlərarası Birgə İqtisadi Komissiya çərçivəsində mütəmadi iclasların keçirilməsinin önəmini qeyd edib. Dmitri Roqozin bildirib ki, bu komissiya iqtisadi, ticarət, elmi-texniki, mədəniyyət sahələrində əməkdaşlıqla yanaşı, həmin məsələlərin operativ şəkildə həll edilməsində bir orqana çevrilib. Rusiya Baş nazirinin müavini dedi ki, Rusiya-Azərbaycan əlaqələri artıq yeni istiqamətləri əhatə edərək yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açır.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.