BAKI, 13 dek — Sputnik. Rusiyanın bir neçə federal orqanında Spirtli içkilərin tənzimlənməsi Komitəsinin təcrübəsindən istifadə edilərək, "Korrupsiyaya qarşı mübarizə məsləhətçisi" vəzifəsi yaradıla bilər. Bunu "İzvestiya" qəzetinə komitənin sədri Anatoli Qolubev bildirib.
Komitədə bu vəzifə yaradılandan sonra anti-korrupsiya planının icrası ilə bağlı məcburi ictimai hesabat proseduru tətbiq olunub. Qurumun ictimai şurasının hər bir üzvü ya hesabatı təsdiqləməli və ya imtina etməsini əsaslandırmalıdır. Bundan əlavə, komitənin binasında vətəndaş və təşkilatların şikayətləri üçün ictimai qəbul otağı açılıb.
Anatoli Qolubevin sözlərinə görə, bunun nəticəsində ilin əvvəlindən Rusiyada 165 qanunsuz zavod və mağaza aşkarlanaraq ləğv edilib, spirtli içkiləri gizli istehsal edən qanunsuz fabriklərdən 35,9 milyon litr etil spirti və digər spirtli məhsullar müsadirə edilib, son 10 ay ərzində isə aksiz markalı içkilərin satışından dövlət büdcəsinə gələn gəlirlərin miqdarı 43,2 milyard rus rublu artıb.
Komitə sədrinin sözlərinə görə, oxşar anti-korrupsiya modelinin yaradılması üçün ona dörd qurumdan müraciət ediblər. Onun fikrincə, korrupsiyaya qarşı mübarizə — vətəndaşların problemləri, rəsmi şəxslərin birbaşa müdaxiləsi olmadan həll etmələrinə şərait yaradan xidmətlərin yaradılmasıdır.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnikə açıqlamasında bildirib ki, Azərbaycanda da buna oxşar sistemlər var: "Bizdə hər bir mərkəzi icra hakimiyyəti yanında "İctimai iştirakçılıq haqqında" Qanuna uyğun olaraq, ictimai şuralar yaradılmalıdır və bir çoxlarında da onlar yaradılıb. İctimai şuralar həmin fəaliyyəti həyata keçirmək imkanına malikdir, amma kollegial orqanlardır".
"İkinci tərəfdən, Azərbaycanda etika üzrə müfəttişlər institutu var, hansı ki korrupsiyaya qarşı, hüquq pozuntuları ilə bağlı və etik davranış qaydalarına əməl edilməsi məsələlərinə nəzarəti həyata keçirən qurumdur. Amma bu institut hər şeydən əvvəl, yalnız korrupsiyanın nəticələrinə qarşı mübarizə aparan bir qurumdur", — Nuriyev bildirib.
O, eyni zamanda, Azərbaycanda başqa bir institutun yaradılması istiqamətində "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunda dəyişikliklər edildiyini qeyd edib: "Həmin dəyişikliklərə görə, korrupsiya hüquqpozmaları haqda məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun qəbul edilib. Bu qanunun tələbinə görə, hər bir dövlət qurumunda müvafiq struktur yaradılacaq ki, korrupsiya hüquqpozmaları haqda məlumat verən şəxsləri qeydə alsın və onların müdafiəsini təmin etsin".
Ekspertin dediyinə görə, bu sahədə Azərbaycanda müvafiq institutlar var, lakin onlar yetərincə effektiv və səmərəli fəaliyyət göstərə bilmir: "Onların səmərəli fəaliyyət göstərməsi üçün daha nələr etmək lazım olduğunu düşünmək lazımdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində fəal tədbirlər görülür. Eyni zamanda, ASAN dövlət modelinə keçid çox vacib olan məsələdir".
"Yəni korrupsiya ilə mübarizə üçün ən effektli və səmərəli üsul ASAN dövlət modelidir. Bəzi hallarda elə düşünürlər ki, ASAN dövlətə keçid yalnız xidmətlərlə bağlıdır, amma burada həm də şəffaflıq və hesabatlıq məsələləri var. ASAN dövlət modelinə keçid korrupsiyaya qarşı mübarizə üçün daha effektiv instrumentlər yaradıb genişləndirə bilər və bu da öz növbəsində səmərəli nəticələrin artmasına səbəb ola bilər", — Ə. Nuriyev vurğulayıb.