BAKI, 7 dek — Sputnik. Dünən Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Azərbaycana səfərə gəlib. Sputnik xəbər verir ki, Kolokoltsev səfər zamanı Azərbaycanın dövlət və hökumət nümayəndələri, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb.
Uzun müddətdir ki, Rusiyadan Azərbaycana daxili işlər naziri səviyyəsində rəsmi səfər olmadığını nəzərə alsaq, Vladimir Kolokoltsevin gəlişinin arxasında ciddi səbəb olduğunu düşünmək olar. Misal üçün, son bir ay ərzində həm Rusiyada, həm də Azərbaycanda anti-terror əməliyyatlarının sayı çoxalıb. Təkcə 4 gün əvvəl Binə Ticarət Mərkəzində baş verənləri qeyd etmək kifayət edər. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Cami Emin Əzizağa oğlu Binə Ticarət Mərkəzi yaxınlığında özünü partlatmaq istəmiş, lakin çevik davranan xüsusi əməliyyat qrupu tərəfindən məhv edilmişdi.
DTX-dan Sputnik-ə verilən məlumata görə, öldürülən şəxs Emin Cami, 2007-ci ildə zərərsizləşdirilmiş "Əbu Cəfər" ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə əvvəllər məhkum olunub. O, cari ilin əvvəlində azadlığa çıxandan sonra yenidən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək, qanunsuz silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla birgə fəaliyyət göstərib.
Eynilə də, Rusiyanın Azərbaycanla sərhəddəki Şimali Qafqaz bölgəsində anti-terror əməliyyatlarının sayının artırması, daxili işlər orqanları əməkdaşlarının müxtəlif şəhərlərdə terrorönləyici əməliyyatlar keçirmələri diqqət çəkən əsas məqamlardır. Böyük ehtimalla, Vladimir Kolokoltsevin Bakıdakı görüşlərində Qafqazdakı anti-terror əməliyyatları əsas müzakirə mövzularından biri olacaq.
Rusiyalı nazirin Bakıya səfərini Sputnik-ə şərh edən, Azərbaycanın Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovniki Şəmsəddin Əliyev də Kolokoltsevin gəlişini təsadüf hesab etmir: "Terrorizm və dini radikalizm son zamanlar bəşəriyyətə, insanlığa qarşı yönələn çox ciddi bir təhlükə halını alıb. Hətta iş o yerə çatıb ki, dominant gücə sahib ölkələr də bu bəla ilə təkbaşına mübarizə apara bilmir. Terrorizmi dəstəkləyən, maliyyələşdirən, silah-sursatla təchiz edən qüvvələr var. Bu baxımdan onlarla mübarizə də günü-gündən çətinləşir".
"Bu baxımdan düşünürəm ki, Rusiya DİN başçısının Azərbaycana səfəri təsadüfi deyil. Böyük ehtimalla, Bakıdakı görüşlərdə cinayətkarlıqla, terrorizmlə birgə mübarizə, axtarışda olan cinayətkarların ekstradisiyası məsələləri ciddi müzakirə olunacaq", — Ş. Əliyev bildirib.
Bakı Dövlət Universitetinin (BDU) professoru, hüquq elmləri doktoru Kamil Səlimov isə Sputnik-ə açıqlamasında, Kolokoltsevin səfərinin arxasında çox da dərin mənalar axtarmağa ehtiyac olmadığını deyib: "Bu, Vladimir Kolokoltsevin DİN başçısı seçiləndən sonra Azərbaycana ilk səfəridir. Yəni bir növ bu səfər protokol qaydaları ilə örtüşür deyə bilərik. Bakıda konkret olaraq nələr müzakirə ediləcək, pərdə arxasında hansı mövzulardan danışılacaq, bunu indidən proqnozlaşdırmaq çətindir".
"Ancaq ümumilikdə götürəndə Azərbaycan və Rusiya dövlətləri arasında təhlükəsizlik məsələlərinə dair sazişlər var. Bura cinayətkarlıqla mübarizə, cinayətkarların qarşılıqlı ekstradisiya məsələləri, o cümlədən terrorla mübarizə üsulları daxildir ki, hər halda Bakıda bu məsələlər müzakirə olunacaq. Kolokoltsevin səfərində başqa dərin məna axtarmağa lüzum görmürəm", — K. Səlimov əlavə edib.