BAKI, 6 dek — Sputnik. Prezident Vladimir Putin Rusiyanın İnformasiya Təhlükəsizliyi Doktrinasını təsdiq edib. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, sənəd dekabrın 5-də imzalanaraq qüvvəyə minib.
Hərbi münaqişələrin qarşısının alınması
Yeni doktrinanın istiqamətlərindən biri informasiya texnologiyalarının istifadəsi zamanı yarana bilən hərbi münaqişələrin strateji planda qarşısının alınmasıdır. "Strateji sabitlik və ədalətli strateji tərəfdaşlıq sahəsində informasiya təhlükəsizliyinin strateji məqsədi informasiya məkanında qeyri-gərgin dövlətlərarası münasibətlərin davamlı sistemini yaratmaqdır", — sənəddə deyilir.
Hücumların sayı artır
Doktrinada qeyd olunub ki, bir sıra ölkələrin xüsusi xidmətləri dünyada sabitliyi pozmaq üçün "informasiya və psixoloji təsirlər"dən istifadə edirlər ki, bu da digər dövlətlərin suverenliyi və ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır. Bununla yanaşı, Rusiyanın mühüm obyektlərində koordinasiya olunmuş hücumların sayı artır, ölkəyə qarşı xarici kəşfiyyat isə güclənir. Prezidenti tərəfindən təsdiq edilmiş doktrinanın daha bir istiqaməti Rusiya Silahlı Qüvvələrinin informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsidir.
Rusiya KİV-lərinə qarşı ayrı-seçkilik
İnformasiya Təhlükəsizliyi Doktrinasında qeyd olunub ki, Rusiya KİV-ləri xaricdə açıq ayrı-seçkiliklə üzləşir: "Rusiyalı jurnalistlər üçün öz peşəkar fəaliyyətləri ilə məşğul olmağa maneələr yaradılır. Xarici KİV-lər Rusiya dövlət siyasətini qərəzli qiymətləndirir və belə materialların sayı artmaqda davam edir".