BAKI, 1 dek — Sputnik. İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, "Wiener Zeitung" qəzetinin müxbiri Tomas Sayfert, Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilməməsini xahiş edib. Bu barədə Sputnik-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məktubunda Tomas Sayfert Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycan Respublikasının həmin ərazilər üzrə suverenliyini şübhə altına almadığını vurğulayıb. Tomas Sayfertin media nümayəndəsi olduğunu və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.