BAKI, 23 noy — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Müqəddəs Məsih məbədində keçirilən təntənəli mərasimdə iştirak edib. QMİ-nin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, mərasimdə Rusiya prezidenti Vladimir Putin çıxış edib.
Putin Patriarx Kirilli yubileyi münasibətilə təbrik edərək bildirib ki, Rus Pravoslav Kilsəsi digər ənənəvi konfessiyalarla birlikdə Rusiya xalqının və dövlətinin başlıca mənəvi dayağıdır. Prezident əlavə edib ki, bu, dünya birliyinin mürəkkəb çağırışlarla üzləşdiyi, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə ehtiyac duyulduğu bir vaxtda xüsusilə vacibdir. Rus Pravoslav Kilsəsinin rəhbərinin bütün ənənəvi dinlərin nümayəndələri ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan Prezident, salonda əyləşən müxtəlif dinlərin nümayəndələrini salamlayıb.
Rusiya dövlətinin başçısı birinci dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordenini Moskvanın və Bütün Rusiyanın Patriarxına təqdim edib. Prezident yubilyara 3570 kəhrəba elementdən məxsusi olaraq hazırlanmış panno təqdim edib.
Yubiley tədbirində Moskvada işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko, Rusiya Hökumətinin başçısı Dmitri Medvedev və başqaları da çıxış ediblər.