BAKI, 8 noy — Sputnik. "Həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində, gələcək addımlar üçün tərəflərlə işləməyə davam edirlər. Bu, çox vacibdir ki, tərəflər həmsədrlərlə və öz aralarında masa üzərində olan təklif və ideyalar, o cümlədən Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı ümidlə danışır".
Bunu APA-ya açıqlamasında, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın danışıqlar prosesinin dayandığı barədə bəyanatına münasibət bildirən, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. "Biz dialoqu davam etdirmək üçün Hamburq görüşünü səbirsizliklə gözləyirik və hərtərəfli həllə gətirib çıxaracaq istənilən yollarla tərəflərlə işləməyə hazırıq", — deyə o söyləyib.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə Sputnik-ə açıqlamasında bildirib ki, Şavarş Koçaryanın sözlərində yeni heç nə yoxdur: "Onsuz da danışıqlar prosesi yerində sayır. Həmsədrlər prezidentlərin görüşünü də təşkil edə bilmirlər. Bunun obyektiv səbəbləri var, çünki danışıqlarda irəliləyiş yoxdur".
"Aprel döyüşlərindən sonra belə bir gözlənti vardı ki, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq edəcək ki, mərhələli həll işə düşsün, heç olmasa ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına başlanılsın. Bu, baş vermədi, əksinə erməni təxribatları davam edir: atəşkəsi daim pozurlar, işğal altındakı torpaqlarda yenə də hərbi təlimlər keçirirlər", — siyasi şərhçi qeyd edib.
Politoloqun sözlərinə görə, belə vəziyyətdə danışıqlarda nəticə əldə etmək mümkün deyil: "Erməni tərəfinin xoş niyyəti yoxdur. Uorlik də digər tərəfdən deyir ki, Hamburqda xarici işlər nazirlərinin görüşü olacaq. Almaniya indi ATƏT-in hazırki sədridir və dekabr ayında ATƏT xarici işlər nazirlərinin şurası olacaq. Bu, sıradan növbəti bir görüşdür və ondan da real nəticə gözləmək əbəsdir. Bu görüşün özünün baş tutub-tutmayacağı sual altındadır. Prezidentlərin görüşü də ilin sonuna qədər baş tutmayacaq".
E. Şahinoğlu hesab edir ki, əgər danışıqlarda yeni predmet yoxdursa və Ermənistan heç bir addım atmırsa, biz də bu danışıqlarda iştirakda maraqlı deyilik: "Mən Minsk qrupu həmsədrlərindən də real fəaliyyət gözləmirəm, çünki onların sonuncu səfərləri də böyük təəssüf doğurdu. Gəldilər, dedilər ki, "bəli, Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılması lazımdır, amma bununla paralel status məsələsi də müzakirə olunmalıdır". Faktiki olaraq, bu paket həll variantı bizim maraqlara cavab vermir. Münaqişə mütləq şəkildə mərhələli həll şəklində həll olunmalıdır".
"Həmsədrlərin dediyi isə odur ki, torpaqların boşaldılması statusa bağlanır. Ona görə, həmsədrlərin bu cür fəaliyyəti və açıqlamaları münaqişənin həllinə deyil, onun daha da konservləşdirilməsinə xidmət edir", — təhlilçi vurğulayıb.
Qeyd edək ki, Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Toplantıda Azərbaycan, Ermənistan xarici işlər nazirləri və Minsk qrupunun həmsədrləri iştirak edəcək.