BAKI, 26 okt — Sputnik. "Əgər Qərb Azərbaycanda hansısa siyasi təşkilatı, müxalif partiyanı və ya QHT-ni maliyyələşdirmək, ya da dəstəkləmək istəyirsə, bunu şəffaf formada etməlidir. Gizli qapılar arxasında, dövlətçilik maraqlarına zərbə fonunda etməməlidir. O zaman bir sıra suallar yaranır. Axı bunu nə məqsədlə edirlər?".
Bu sözləri Sputnik-ə açıqlamasında politoloq Fikrət Sadıxov deyib. Prezident İlham Əliyevin bir neçə gün öncə Sputnik-ə müsahibəsi zamanı "Qərb ölkələri Azərbaycanla münasibətlərdə səmimi deyil" bəyanatını şərh edən Fikrət Sadıxov deyib ki, əgər Qərbin müxalif təşkilatlara hər hansı maliyyə dəstəyi daxili stabilliyi pozmağa yönəlirsə, əlbəttə ki, bunun qarşısı alınmalıdır.
"Hər şey qanun çərçivəsində, açıq şəkildə olmalıdır. Əgər Qərb kimisə maliyyələşdirmək və ya dəstəkləmək istəyirsə, bunu şəffaf formada etsin. Əks halda bu, o deməkdir ki, siyasi rejimə qarşı planlar hazırlanır. Ölkəni silkələmək, stabilliyi pozmaq məqsədi güdülür. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, buna heç cür göz yummayacaq. Əgər hər hansı maliyyə dəstəyi daxili stabilliyi pozmağa yönəlirsə, əlbəttə ki, bunun qarşısı alınmalıdır. Bir sıra Qərb ölkələrinin siyasətini biz artıq görürük. Göz qabağındadır", — siyasi şərhçi bildirib.
İlham Əliyevin "Azərbaycan siyasi təlimatlarla heç vaxt hərəkət etməyəcək" sözünü də dəyərləndirən politoloq qeyd edib ki, Qərb işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoymaqla ikiüzlü siyasət apardığını sübut edir: "Şübhəsiz ki, Prezident tamamilə düzgün ifadələr işlədib. Qərb dövlətlərinin həm bizə, həm də digər dövlətlərə və onların maraqlarına qarşı siyasətinə İlham Əliyev tərəfindən dəqiq qiymət verilib".
"Ümumiyyətlə, 90-cı illərin ortalarından Qərb ölkələrinə çox böyük ümid bəsləyirdik. Çünki bizim ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin müsbət yanaşmaları olmasını çox istərdik. Beynəlxalq hüquq normalarına cavab verən siyasət izlənilməsini Qərbdən çox gözlədik. Təəssüf ki, görə bilmədik. Əvəzində bizi Ermənistanla eyni tərəziyə qoydular, rəsmi İrəvanın kaprizləri ilə oynamağa başladılar", — F. Sadıxov qeyd edib.
O, Amerikanın Ermənistanı gücləndirmək naminə bu ölkəyə milyonlarla dollar yardım verdiyini, hətta bu yardımların Dağlıq Qarabağdakı separatçı rejimə də verildiyini deyib: "Eyni zamanda, paralel olaraq Azərbaycana qarşı çox qərəzli kurs aparılırdı. Demokratiyadan dəm vuraraq Azərbaycanı alçaltmaq, rəsmi Bakıya nə isə öyrətmək kimi addımlar oldu. Təbii ki, bizim dövlətimizin bunu qəbul etməsi mümkün deyildi".
Politoloq əlavə edib ki, belə bir fonda bizə qarşı meydan oxumaq, nə isə öyrətmək, şablon ifadələr işlətmək artıq inandırıcı görünmür: "Biz, sadəcə olaraq öz kursumuzla gedirik, ölkəmizə qarşı şüarlar, ifadələr, çağırışlar bizi o qədər də narahat etməməlidir, maraqlandırmamalıdır".
Prezidentin sözügedən müsahibəsini Sputnik-ə millət vəkili Musa Qasımlı da dəyərləndirib. O da İlham Əliyevin mənzərəni dəqiqliyi ilə ortaya qoyuduğunu düşünür.
"Cənab Prezidentin söylədiklərini diqqətlə oxumuşam və fikirlərini tamamilə bölüşürəm. Prezidentin dedikləri həm tarixə, həm də müasir reallığa tamamilə uyğundur. Qərb ölkələri Azərbaycanı müstəqil görmək istəsələr də, onu zəif və asılı görmək istəyirlər. Rəsmi Bakının müstəqil siyasət yürütməsini qısqanırlar", — deputat bildirib.
M. Qasımlıya görə, Qərbə güclü Azərbaycan dövləti lazım deyil: "Ona görə də Qərbdəki müəyyən qüvvələr ölkəmizdəki qeyri-hökumət və müxalifət təşkilatlarını mövcud hakimiyyətin əleyhinə qaldırırlar".
Onun fikrincə, əslində bu təhriklər xalqımızın və ictimai quruluşun əleyhinədir: "Onlar Azərbaycanda xaos, anarxiya yaradıb öz istəklərinə çatmaq istəyirlər. Ona görə də hesab edirəm ki, Qərb dövlətləri ölkəmizə münasibətdə səmimi deyil. İkiüzlü siyasət yürüdürlər. Və onların bu siyasəti Azərbaycan xalqının maraqlarına cavab vermir".