BAKI, 26 okt — Sputnik. Suriya ordusu strateji yüksəklikləri ələ keçirdikdən sonra Hələb şəhərinin cənubunda kütləvi hücuma keçib. Terrorçular ciddi müqavimət göstərir, ordu və könüllülərin mövqeləri minaatanlardan intensiv atəşə tutulur. Hər iki tərəfdən itkilər var.
Bu sətirlərin müəllifi olan RİA Novosti-nin müxbiri, kütləvi hücumun başlanması zamanı Suriya qüvvələri və "Hizbullah" Livan partizanları ilə bir yerdə olan ilk jurnalist olub. Daha sonra o yazır:
Gözlənilməz uğur
Bazar günü hücum əməliyyatları haqda danışmırdılar, generallar hücum üçün möhkəmlənməni gözləyirdilər. Sonra qərargaha zabit gələrək həyəcanla iki yüksəkliyin — Suriya ordusu hava hücumundan müdafiə hərbi hissəsi və "Suriyatel" qülləsinin terrorçulardan azad edildiyini bildirdi.
Bu uğur hamı üçün gözlənilməz oldu. Hərbi hissə və "Suriyatel" mobil rabitə qülləsi terrorçular tərəfindən avqustun əvvəlində alınmışdı.
Bəxtəbəxt səyahət
General yüksəkliyə gedib döyüşçüləri uğur münasibətilə təbrik etməyi təklif edir. "Hər şey yaxşı olacaq" — general Kasvarın köməkçisi deyir.
Hələbin cənubunda yalnız bir dəfə səhv etmək olar. Kənd Suriya ordusu və terrorçular arasında bölünüb. Hər hansı bir səhv həyat və ya azadlıq dəyərindədir. Ətrafdan artilleriya səsləri gəlir.
Sonra general bələdçini çağırtdırır və 15 dəqiqə sonra bizə tərəf, içərisində iki döyüşçü olan maşın yaxınlaşır. Ora getməyə əmin olduğumuzu öyrənəndən sonra yüksək sürətlə hərəkət edirik.
Həmkarlarla görüş
"Suriyatel" qülləsində Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin çəkiliş qrupu ilə rastlaşdıq. Həmkarlarımız hava hücumundan müdafiə hərbi hissəsinə qalxmaq üçün minaatan hücumunun kəsilməsini gözləyirdilər. Son yüksəkliyədək Rusiya müxbirləri birgə getdilər.
Qrupla hərəkət edirik, ətrafda partlayış səsləri eşidilir. Arxamızda bütün Hələbin panoraması görünür. Şəhərin kənarları tüstüləyir, döyüşün necə getdiyi görünür.
Hava hücumundan müdafiə hərbi hissəsinə çatanda Livan partizanları ilə rastlaşdıq. Onlar bizə parapet arxasında gizlənməyi məsləhət gördülər, düşmənə 500 metr qalmışdı. Atışma başlandı.
"Sizi gördülər, siz bədbəxtlik gətirdiniz. Böyük qrupla gəldiniz, indi başlayacaqlar. Allah qoysa, bəlkə qayıda bildiniz", — deyə partizanlardan biri dedi.
O, səhv etmirdi. Terrorçular yüksəkliyi intensiv atəşə tutdular. Mərmilər bizim mövqedən 20-50 metr kənarda partlayırdı.
Qaçmaq lazımdır
Lazım olan hər şey çəkiləndən sonra bələdçi qaçmaq əmri verdi. 500 metr qaçmaq lazım idi, atəşkəs intensivliyi isə 2-3 dəqiqə təşkil edirdi.
"Allah bizi sevir", — deyə zabit sığınmaq üçün ev göstərir. Atəşkəs daha da kəskinləşir, terrorçular isə iriçaplı pulemyotlardan istifadə etməyə başlayırlar. Lakin hamı sakitdir — uçmuş binalar sığınacaq üçün yaxşı yerdir.
Uğur təmin olunub
Operativ şəkildə qrupu toplayıb həmkarlarla maşınlara minirik. Mərmilərlə dağıdılmış yol ilə dərhal arxaya çəkilirik. Ordu hücuma davam edirdi, yolun hər iki tərəfində tüstü görünürdü.
İndi hərbçilər və partizanlar son iki yüksəkliyi — Buzz və Hekme-ni terrorçulardan azad etmək istəyirlər. Beləcə onlar terrorçuların təchizat yollarını kəsərək Hələbin şərq məhəllələrinə hücum edə bilərlər.
Terrorçular Hələbdəki "humanitar pauza"dan imtina edərək, üç günlük atəşkəs razılaşmasından öz mövqelərini gücləndirmək üçün istifadə etdilər. Radikal qrup rəhbərləri isə ordu mühasirəsini qıracaqlarını vəd ediblər.