BAKI, 21 okt — Sputnik. Kremldə Prezident Administrasiyasının (PA) yenidən təşkil edilməsi müzakirə olunur. RİA Novosti xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Məlumata görə, söhbət daxili siyasət və sosial layihələr üzrə şöbələrin birləşdirilməsindən gedir.
"Prezident Administrasiyasında siyasi bölmənin islahatı ilə başlayan yenidən təşkil edilmə müzakirə olunur. Yeni struktur və işçilərin cədvəli artıq Yeni il ərəfəsində yaradıla bilər", — deyə qəzet yazır.
Qəzetin Kremldəki mənbəsi hesab edir ki, struktur dəyişikliyi zamanı böyümə tendensiyası müşahidə olunur. Belə ki, PA-nın iki siyasi bölməsi olan daxili siyasət və sosial layihələr şöbələrindən bir bölmə yaradıla bilər.
"Kommersant" yazır ki, iki şöbənin birləşdirilməsi bütün işçi heyətinin çıxarılmasını nəzərdə tutur. Sonra isə yeni işçi cədvəli hazırlanacaq.
Digər mənbənin məlumatına görə isə, siyasi bölmənin islahatı yeni başçı — Anton Vaynonun rəhbərliyi ilə PA-nın işinin yenidən təşkil edilməsinin bir hissəsi olacaq. Mənbə əlavə edib ki, hazırda mövqelərin razılaşdırılması prosesi gedir: "Bunun müddəti büdcə prosesi ilə bağlıdır. Prosesin nəticələri isə dövlət strukturlarının neçə işçiyə arxalana biləcəyini göstərəcək".
Qəzetin PA-nın siyasi bölməsinə yaxın olan mənbəsi isə bildirib ki, islahatlar haqda danışmaq hələ tezdir: "Kim bilir, bəlkə də yenidən təşkil etmə olacaq. Hal-hazırda belə qərar dəqiq yoxdur. Hamı əvvəlki rejimlə işləyir".