BAKI, 20 okt — Sputnik. Almaniya kansleri Angela Merkel Suriya və Ukraynadakı böhranı müzakirə etmək üçün Berlində Rusiya prezidenti Vladimir Putin, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Fransa prezidenti Fransua Ollandla bir araya gəlib. Sputnik Ria-ya istinadən xəbər verir ki, görüşdən sonra Fransa Prezidenti ilə birgə mətbuata açıqlama verən Merkel deyib ki, Suriya məsələsində hələ də Moskva ilə ortaq məxrəcə gələ bilmirlər və mövqelər qətiyyən üst-üstə düşmür.
"Cənab Putinlə apardığımız danışıqlar açıq, amma çox sərt keçdi. Aramızda ciddi mübahisələr oldu. Etiraf edim ki, bu mövzuda hansısa razılığa gəlməkdən, hələ ki çox uzağıq", — alman kansler bildirib.
Suriyanın Hələb şəhərindəki bombardmanlarda rəsmi Moskvanın da məsuliyyət daşıdığını deyən Merkel, havadan zərbələrin oradakı insanlara qarşı zalım rəftar olduğunu vurğulayıb. Kansler hal-hazırda ən əsas məsələnin Hələbdəki insanlara humanitar yardımın çatdırılması olduğunu, bu istiqamətdə Rusiyaya qarşı sanksiya variantının istisna olmadığını qeyd edib.
Öz növbəsində Fransa prezidenti Fransua Olland, Hələbdə bir neçə saat əldə olunan atəşkəs razılığından humanitar yardımın çatdırılması və siyasi danışıqlar üçün istifadə etmək istədiklərini bildirib. Suriyada sivil əhalinin qorunmasının vacibliyini vurğulayan Olland deyib: "Biz indi Vladimir Putinlə keçirdiyimiz görüşdən atəşkəsin bəlkə də, uzadıla biləcəyi təəssüratı ilə çıxdıq. Suriya rejimi və havadarları hücumlara son qoymalıdır".
Berlindəki müzakirələri Sputnik üçün şərh edən türkiyəli jurnalist-yazar Ömər Dinçər, indiyədək Normand dördlüyü formatından xeyirli nəticə çıxmadığını söyləyib: "Suriya və Ukrayna böhranlarını həll etmək üçün ən yüksək səviyyədə, həm Cenevrədə həm də Minskdə görüşlər keçirilib. Onlarla belə görüş olub. Amma heç bir müsbət nəticəsi olmayıb. "Normandiya formatı" digər iki zirvədən aşağı səviyyəli sayılır. Ona görə də, Berlindəki müzakirələrdən yaxşı nəsə gözləmək sadəlövhlük olar".
Dinçərə görə, Qərb blokunu Hələbdəki sivillərin ölümündən çox, miqrant axını narahat edir: "Özlərini mədəniyyətin, insan haqlarının, demokratiyanın beşiyi sayan Avropa dövlətləri bu gün çox uğursuz imtahandan keçir. Müharibədən qaçan müsəlman qaçqınlara sanki yad planetli kimi baxırlar. Onlarla ən iyrənc formada rəftar edirlər".
"Türkiyəyə basqı edirlər ki, suriyalıları, iraqlıları onlar tərəfə buraxmasın. Bəli, bu gün Aİ ölkələri Suriyadakı müharibənin bitməsini istəyir, ancaq mülki əhali ölümlərinin artmasından qorxduqları üçün yox, Avropaya müsəlmanlar gəlməsin deyə bunu istəyirlər", — siyasi şərhçi qeyd edib.