BAKI, 18 okt-Sputnik. Rusiyanın Xəzər donanmasının gəmiləri toplanış səfəri çərçivəsində İranın Bəndər-Ənzəli limanına qeyri-rəsmi səfər edib.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Rusiya Xəzər donanmasının "Tatarstan" və "Qrad Sviyajsk" raket gəmiləri Xəzər dənizində toplanış səfərini davam etdirirlər. Heyətlər artıq silahların istifadəsi və şərti düşməninin raket zərbələrindən yayınmaya dair təlimlər keçiriblər.
"Hazırda Xəzər donanmasının gəmiləri İranın Bəndər-Ənzəli limanına yan alıblar. Bu iki ölkənin donanmasının inkişafı və əməkdaşlığının möhkəmləndirilməsi çərçivəsində baş tutub" — deyə məlumatda bildirilir.
Rusiyalı dənizçilərin İranın Hərbi-Dəniz Qüvvələri komandanlığının və Bəndər-Ənzəli rəhbərliyinin nümayəndələri ilə görüşəcəyi nəzərdə tutulub. Hərbçilər üçün ekskursiya təşkil olunacaq. Həmçinin rusiyalı və iranlı dənizçilər arasında idman tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Rusiya Xəzər donanmasının "Tatarstan" və "Qrad Sviyajsk" raket gəmilərinin Xəzər dənizində toplanış səfəri çərçivəsində həmçinin Qazaxıstanın Aktau limanına səfər etməsi planlaşdırılıb.