BAKI, 17 okt — Sputnik. ABŞ-ın dövlət katibi Con Kerri dünyada "dondurulmuş münaqişə''lər məsələsinə toxunaraq, Dağlıq Qarabağ probleminin yaxın zamanlarda həlli perspektivlərini görmədiyini və siyasi liderlərin sülhə hazır olmadıqların demişdi. Rəsmi Bakı tərəfindən sərt təpki ilə qarşılanan bu bəyanatın ardından, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur",-deyə bildirib.
Münaqişənin sülh yolu ilə həllinə məsuliyyət daşıyan iki həmsədr ölkənin oxşar ruhlu bəyat səsləndirməsi və bütün bunların qoşunların təmas xəttində atəşkəsin geniş miqyasda pozulduğu bu ilin aprel hadisələrindən uzun zaman keçmədən baş verməsi ortaya bir çox suallar çıxarır. Artıq Minsk qrupunun digər həmsədri kimi Avropa İttifaqını təmsil edən Fransanın hər hansı münasibət bildirməsini gözləməyə ehtiyac qalmır. ATƏT-ə sədrliyə başlayan Almaniyanın cəhdlərinə də məhz bu aspektdən qiymət vermək lazımdır.
Aprel hadisələrinin diplomatik danışıqlara birbaşa təsir göstərməsi nikbinliyi isə, artıq öz yerini ənənəvi fikirlərin səsləndirilməsinə verir. Belə ki, danışıqlar yenidən müddətsiz formada davam edəcək. Tarixi nəticə isə hələ ki yoxdur. Bəs belə situasiyada Minsk qrupu həmsədrləri yenidən nəsə təklif verə bilərmi və yaxud bu formatın belə davam etməsi lazımdırmı?
Politoloq Fikrət Sadıxov Sputnik-ə açıqlamasında Con Kerrinin bəyanatının anlaşılmaz olduğunu deyib: "Con Kerri böyük bir dövlətin aparıcı siyasətçisidir. Maraqlı bir bəyanatdır: "ölkə liderləri sülhə hazır deyil". Əgər o, Azərbaycanı nəzərdə tutursa, Azərbaycan bu sülhə çoxdan hazırdır və bu hazırlığı nəinki bəyanatlarla, hətta əməlləri ilə nümayiş etdirir. İş orasındadır ki, Azərbaycanın torpaqları işğal altındadır, Ermənistanın deyil. Dağlıq Qarabağ problemi isə hələ də həll olunmayıb. Bu məsələlər gündəmə çıxmalıdır və Con Kerri bunu çox gözəl başa düşür".
F. Sadıxov bu ilin aprel ayında qoşunların təmas xəttində atəşkəsin pozulmasının heç də təsirsiz ötüşmədiyi, əksinə Ermənistanın daxili həyatına ciddi təsir göstərdiyi qənaətindədir: "Orada kadr dəyişiklikləri baş verdi: baş nazir getdi, nazirlər dəyişildi, bir sıra generallar vəzifələrdən uzaqlaşdırıldı və bəzilərinə cinayət işi açıldı. Bu, reallıqdır".
Siyasi şərhçinin qənaəti belədir ki Azərbaycan öz torpaqlarını azad etməyə hazırdır: "Bunu ilk növbədə Ermənistan başa düşməlidir. Digər aparıcı dövlətlər və Minsk qrupunun həmsədrləri də bunu dərk edib nəticə çıxarmalıdır".
"Amma görünən odur ki nə dünya, nə də Minsk qrupunun həmsədrləri hələ nəticə çıxarmağa tələsmir", — təhlilçu qeyd edib.
Politoloq Elxan Şahinoğlu da o qənatədədir ki, Uşakovun açıqlaması məzmunca Kerrinin açıqlamasından fərqlənmir. Ekspert, əsasən son zamanlar müzakirə mövzusuna çevrilmiş, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyənatlarına diqqəti çəkib: "Rusiya Mövlud Çavuşoğlunun dediyi kimi Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubadır və Kreml rəsmi İrəvana təzyiq etmir?".
"Məncə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil. Ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsi ilə bağlı Mövlud Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu, baş vermir", — siyasi müşahidəçi vurğulayıb.