BAKI, 13 okt — Sputnik. Cəbhə bölgəsində səfərdə olan Müdafiə Nazirliyinin (MN) rəhbərliyi, ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub. MN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, düşmən mövqelərini müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib.
Səngərlərdə döyüş növbətçiliyini yoxlayan müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub. Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib.
Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib. General-polkovnik Zakir Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə hər an döyüşə hazır olmalıdır.