QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Təzyiqlər Ermənistana deyil, bizə yönələcəksə, hərbi toqquşma ehtimalı artacaq"

© Trendİlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü
İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin Azərbaycana xarici təzyiqlərlə bağlı açıqlamasını şərh edən politoloqların fikrincə, mövcud vəziyyət rəsmi Yerevanın özünü daha rahat hiss etməsinə səbəb olur

BAKI, 10 okt — Sputnik. "Dağlıq Qarabağ danışıqlarında Azərbaycana təzyiq varsa, bu, o deməkdir ki, Ermənistana təzyiq yoxdur. Çünki, aprel döyüşlərindən sonra Azərbaycan cəmiyyətinin bir hissəsində belə bir gözlənti var idi ki, nəhayət, böyük dövlətlər Ermənistan hakimiyyətinə təzyiq göstərəcək ki, Qarabağ ətrafındakı rayonlar boşalsın. Amma sən demə təzyiq bizə imiş".

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında deyib. "Bu da ona gətirib çıxaracaq ki, danışıqlarda irəliləyiş olmayacaq və yenidən hərbi toqquşma ehtimalı artacaq. Çünki, işğalçıya təzyiq yoxdursa, özünü rahat hiss edəcək və danışıqlarda heç bir addım atmayacaq", — siyasi şərhçi bildirib.

Prezidentin "Bizə təzyiq edirlər ki, Dağlıq Qarabağın müstəqilliyinə razılıq verək" açıqlamasını şərh edən politoloqun fikrincə, bu təzyiq Minsk Qrupunun həmsədrlərindən gələ bilər: "Dövlət başçısı belə bir fikir dedi ki, "hətta bizə Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımaq üçün də təzyiq edirlər". Məsələ belə qoyulmur ki, Dağlıq Qarabağın "müstəqilliyi"ni tanımalısınız. Məsələni belə qoyurlar ki, Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Dağlıq Qarabağda referendum keçirilməlidir. Bu da bizim üçün münasib təklif deyil. Çünki, referendumun nə ilə nəticələnəcəyi bizə əvvəlcədən məlumdur".

"Biz ilkin şərt irəli sürülmədən torpaqların boşaldılmasını istəyirik. Bunun özü də artıq təzyiq formasıdır ki, torpaqların azad olunmasını referenduma bağlayırlar", — deyə E. Şahinoğlu qeyd edib.

Politoloq Sülhəddin Əkbər isə kənar təzyiqləri normal hal hesab edir. "Dövlət başçısı çox açıq şəkildə xalqa müraciət etməlidir ki, konkret hansı tərəfdən ona hansı təzyiqlər var. Təbii ki, təzyiqlər var və olacaq da. Və xalq bu məsələdə təzyiqin haradan gəldiyini bilməlidir ki, Prezidentinə dəstək verə bilsin", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlamalar verib. "Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik", — dövlət başçısı qeyd edib.

© Photo : RFE/RLSülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri  - Sputnik Azərbaycan
Sülhəddin Əkbər, Azad Demokratlar Partiyasının rəhbəri

Prezident bildirib ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşıblar: "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir".

"Bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq — referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq — heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".

Xəbər lenti
0