BAKI, 5 okt-Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik öz mandatına uyğun olaraq qoşunların təmas xəttində keçirilmiş növbəti monitorinqlə bağlı bəyanat yayıb.
Sputnik APA-ya istinadla xəbər verir ki, Kasprşik bəyanatında təmas xəttindəki vəziyyəti, eləcə də əvvəlki monitorinqdən etibarən atəşkəsin pozulması ilə əlaqədar məlumatı çatdırıb.
"Bu məlumat Minsk Qrupu üzvlərinə, eləcə də həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinə verilib. Mətbuatda bəzi məlumatlar mənim Ofisimin atəşkəsin pozulması hallarını və ya məsuliyyət daşıyan tərəfi qeydə almadığını deyirlər. Ola bilsin ki, onlar bizim heyət üzvlərimizin monitorinq zamanı cəbhə xəttində atəşkəsin pozulmasının qeydə alınmadığı faktına istinad edirlər. Biz ərazidə olan zaman baş verən atəşkəsin pozulması hallarını hər zaman qeydə alırıq. Digər halda yerli hərbçilərin məlumatlarına etibar edirik. Bir daha təkrarlamaq istəyirəm ki, bizim insidentlərin araşdırılması barədə mandatımız yoxdur" — deyə Kasprşik bildirib.
O həmçinin qeyd edib ki, aprel döyüşlərindən sonra 6 ay ərzində Minsk Qrupu həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesini inkişaf etdirmək üçün mütəmadi çalışıb. O, monitorinqin nəticələri barədə məlumatların bu prosesin mühüm hissəsi olduğunu da qeyd edib.