BAKI, 4 okt-Sputnik. Moskva vilayətinin hakimiyyəti universiteti bitirib dərhal bu payızda orta məktəblərdə müəllimlik fəaliyyətinə başlayan gənc pedaqoqlara 150 min rubl (4 min AZN-ə yaxın) dəyərində birdəfəlik müavinət verəcək.
Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin təhsil naziri Marina Zaxarova məlumat verib.
"Moskva vilayətinin qubernatoru gənc müəllimlərə yardım ayırıb. Onlar maaşlarını 150 min rubl artımla alacaqlar. Belə dəstək əvvəllər heç vaxt olmayıb. Adətən 50 min rubl mütəxəssislər işə qəbul olunan zaman alırlar, 100 min rubl isə işin ikinci ilinin sonunda verilir." — deyə Zaxarova jurnalistlərə bildirib.
O qeyd edib ki, bu yardımı 2016-cı ildə kollecləri və ali məktəbləri bitirən, cari ilin payızında məktəblərdə işə başlayan peqaqoji kadrlar alacaqlar.
Ötən il Moskva ətrafında 1250 gənc müəllim işə qəbul edilib. Proqnozlara görə, onların sayı bu il ötənilkindən az olmayacaq.
Gənc mütəxəssislərə maddi yardım ayrılması ilə bağlı qərar məktəbdəki kadrların qocalması ilə əlaqədar olaraq qəbul edilib. Marina Zaxarovanın sözlərinə görə, Moskva vilayətində işləyən müəllimlərin 30%-i 60 yaşdan yuxarıdır. Təhsil Nazirliyi məktəblərin müəllim kontingentini gənc kadrlarla zənginləşdirməyi, yaşlı müəllimləri isə pensiyaya göndərməyi planlaşdırır.
Qeyd edək ki, Rusiyada müəllimlərin orta aylıq əməkhaqqı 70 min rubl (1800 manata yaxın) civarındadır. Ölkənin ucqarlarda dərs deyən müəllimlər mərkəzdə dərs deyənlərə nisbətən 25% çox maaş alır.