BAKI, 28 sen — Sputnik. Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşmasından sonra iki ölkənin turizm sektorunun inkişafına təkan verəcək qərarlar qəbul oluna bilər. Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, əgər razılaşma olarsa, hər iki ölkənin vətəndaşlarının səyahəti asanlaşacaq.
Belə ki, Türkiyə vətəndaşları Rusiyaya səfər edərkən, onlardan xarici pasport tələb olunmayacaq. Təkcə Türkiyədə istifadə olunan şəxsiyyət vəsiqəsi Rusiyada da keçərli olacaq. Eləcə də, Rusiya vətəndaşları şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə biləcəklər.
Hazırda hökumətlər arasında bu məsələ müzakirə olunur. Razılıq əldə olunduqdan sonra iki ölkə vətəndaşları 90 gün müddətinə pasportsuz səyahət edə biləcəklər.
Beləliklə də, Moskva-Ankara razılığı əldə olunandan etibarən, Türkiyə vətəndaşlarının pasportsuz gedib-gəldiyi ölkələrin sayı 15-ə çatacaq. İndiyədək türklər Almaniya, Belçika, Fransa, Gürcüstan, İsveçrə, İtaliya və Yunanıstanın da daxil olduğu, 14 ölkəyə sərbəst gedə bilirlər.
Türkiyənin TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl Sputnik-ə açıqlamasında mövzunun hələlik müzakirə mərhələsində olduğunu bildirib: "Bu, hələ sadəcə bir fikirdir, ortaya atılıb. Antalya Turizm Mərkəzinin təklifidir. Təklif edilib ki, Rusiyadan gələn vətəndaşlar əlavə xərc çəkmədən, pasport almadan təkcə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gələ bilsinlər".
Politoloq qeyd edib ki, bu məsələ daha əvvəllər də gündəmə gəlib: "Belə söz-söhbət daha əvvəl də gündəmə gəlmişdi və mən öz fikrimi bildirmişdim. Bununla bağlı Türkiyənin təcrübəsi var. Türklər üçün bunu həyata keçirmək o qədər də çətin deyil. Misal üçün, Gürcüstanla oxşar razılıq mövcuddur. Lakin iş orasıdır ki, bunun həyata keçməsi üçün Rusiya ilə Türkiyə arasında prosedurların həlli üzrə xüsusi mexanizmlər qurulmalıdır. İki tərəfin daxili işlər orqanlarının bir-biri ilə görüşməsi və məsələni müzakirə etməsi lazımdır".
T. İsmayıla görə, belə bir müqavilə gerçəkləşərsə, Türkiyə xeyli qazanc əldə edəcək: "Təyyarə böhranının həllindən sonrakı qısa müddət ərzində hələ də çarter reyslərinin dolu olduğunu söyləyə bilərik. Rusiyadan Türkiyəyə ciddi turist axını yaşanır. Müqavilə reallaşarsa, axın daha da çoxalacaq. Türkiyə turizm baxımdan rus vətəndaşları üçün çox cazib yerdir. Ruslar üçün həm ucuz, həm də keyfiyyətli, eksklüziv imkan yaradır. Belə imkanlar nə Avropada, nə də başqa yerlərdə mövcuddur. Tələb də məhz bundan irəli gəlir. Axını görən turizmçilər hökumətdən tələb edirlər ki, rus turistlər üçün rahatlıq yaradılsın".
Mövzunu Sputnik-ə dəyərləndirən türkiyəli politoloq Yılmaz Altınsoy da hesab edir ki, razılıq əldə olunarsa, bunun həm siyasi, həm də iqtisadi cəhətdən müsbət tərəfləri olacaq: "Əgər müqavilə gerçəkləşsə, bunun iqtisadi və siyasi nəticələri olacaq. Birincisi, son 15 ildir ki, bir-birinə qaynayıb qarışan iki millət daha çox yaxınlıq edəcək, ticarət əlaqələri güclənəcək. Qarşılıqlı biznes layihələr artacaq. Bu, məsələnin iqtisadi tərəfidir".
"Siyasi tərəfinə gəlincə, bilirik ki, regionda Ankara və Moskvanın maraqlarının üst-üstə düşdüyü və düşmədiyi problemlər mövcuddur. Məsələn Suriya məsələsində hər iki dövlət bir-birinə zidd siyasət aparır. Kreml Bəşər Əsədi, Ankara isə müxalifləri dəstəkləyir. İş o yerə çatmışdı ki, Suriyaya görə az qala iki ölkə arasında müharibə çıxacaqdı. Nə isə ki, son anda liderlərin soyuqqanlı davranışı ilə problem həll olundu", — siyasi şərhçi qeyd edib.
Aytınsoyun fikrincə, yuxarıda haqqında danışdığımız razılıq müqaviləsi gerçəkləşərsə, Rusiya ilə Türkiyənin özlərinə aid olmayan digər problemlərdə üz-üzə gəlməsi çətinləşəcək: "Əslində Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan da bunun marağındadır. Onlar iki dövlətin düşmən olmasını istəmirlər".
Qeyd edək ki, Ankara ilə Moskva arasında təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya ziyarəti iki ölkə arasındakı gərginliyi aradan qaldırıb. Münasibətlərin qaydasına düşməsi iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərib.