BAKI, 23 sen — Sputnik. Vl çağırış Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin oktyabrın 5-dən etibarən Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək. Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam verib.
"Sergey Yevgenyeviç Narışkin Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin edilir. Bu fərman 5 oktyabr 2016-cı ildə qüvvəyə minir" — deyə Kremlin mətbuat xidmətinin yaydığı fərmanın mətnində bildirilir.
Bir qədər əvvəl dövlət başçısı Narışkin və Fradkovla görüşündə qeyd edib ki, Rusiyaya qarşı təhdidlərin qarşısını almaq və terrorizmə qarşı mübarizədə tərəfdaşlarla fəal əməkdaşlıq etmək lazımdır. Putin Narışkinə səs verən seçicilərin bu təyinatı anlayışla qarşılayacaqlarına ümid etdiyini bildirib.
Narışkin Vl çağırış Dövlət Dumasına onun formalaşdığı 2011-ci ildən rəhbərlik edib. Buna qədər o, Prezident Administrasiyasına (2008-2011) rəhbərlik edib və baş nazirin müavini (2004-2008) postunu tutub.
Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan sədri Mixail Fradkovdur. Onun "Rusiya Dəmir Yolları" direktorlar şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir.
Qeyd edək ki, Sergey Narışkin sentyabrın 18-də Vll çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə "Vahid Rusiya" partiyasınını federal siyahısından deputat seçilmişdi.