BAKI, 14 sen-Sputnik. İŞİD tərəfdən Suriyada döyüşmüş Azərbaycan əsilli Tümen sakini Altun Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın nəticələrinə görə o, 2013-cü ildə İŞİD tərəfindən ələ alınıb və onun sıralarında döyüşmək üçün Türkiyəyə gedib.
Sputnik ng72.ru-ya istinadla xəbər verir ki, Türkiyədən Suriya ərazisinə keçərək İŞİD-ə qoşulan A. Məmmədov terrorçuların bazasında keşikçi vəzifəsini tutub və əsirlərin mühafizəsi ilə məşğul olub. O, eyni zamanda hökumət qüvvələrinə qarşı döyüşlərdə, o cümlədən Mineq aeroportunun ələ keçirilməsi əməliyyatında fəal iştirak edib.
Daha sonra o, İŞİD-ə daxil olan digər qruplaşmaya — "Camaat əbu-Hənifə"-yə qoşulub.
Lakin bir müddət sonra qruplaşma daxilində silahlılar arasında münaqişə başlayıb və A. Məmmədov Türkiyəyə, oradan isə Gürcüstana qaçıb. Gürcüstanda o, hüquq-mühafizə orqanlarından gizlənib.
2015-ci ildə Məmmədov beynəlxalq axtarışa verilib. Həmin ilin avqustunda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Gürcüstan-Azərbaycan sərhədini keçmək istəyərkən saxlanılıb.
O, Rusiyaya ekstradisiya olunub.
Onun haqqında Tümen vilayətində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi ilə (Qanunsuz silahlı dəstə yaratmaq və ya onun tərkibində iştirak etmək) cinayət işi açılıb və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.