86 adda olan 81 şirkət və təşkilat sanksiyalar siyahısına əlavə olunub. Onlardan 75-i Rusiyaya, yeddisi — Krıma, daha ikisi isə Honkonq və Hindistana aiddir. Sanksiyalar sentyabrın 7-dən qüvvəyə minir.
Maraqlıdır ki, sanksiya siyahısına əlavə olunan şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi "Gazprom"un nəzarətindədir. ABŞ sanksiyaları, habelə Krıma çəkilən Kerç körpüsünün baş inşaatçısı "SGM-Most" şirkətinə də şamil ediləcək. Bu şirkət Vladimir Putinin şəxsi dostu Arkadi Rotenberqin "Stroyqazmontaj" şirkətlər qrupuna daxildir.
Sanksiyalar siyahısına sözügedən körpü tikintisinin sifarişçisi — dövlət qurumu Taman da daxil edilib. Xəbər verilir ki, sanksiyalar siyahısına daxil edilmiş şirkətlərin hamısına ticarət məhdudiyyətləri qoyulacaq. Sanksiyalar siyahısına elektronika istehsal edən 11 şirkət də əlavə olunub.
Sanksiya siyahısının genişləndirilməsini rəsmi Vaşinqton, Rusiyaya qarşı mövcud sanksiyaların effektivliyini təmin etmək məqsədi ilə əlaqələndirir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva sanksiyaların genişləndirilməsini konstruktiv mövqe hesab etmir.
Peskovun fikrincə, bu məhdudiyyətlər mövcud problemləri həll etmir: "Biz, ümumiyyətlə sanksiyalar və nəyinsə yumşaldılması haqda danışıqlar aparmırıq".
Rusiya ilə Qərbin münasibətləri Ukrayna məsələsinə görə pisləşib. 2014-ci ilin iyulun sonunda ABŞ və Avropa İttifaqı Rusiya iqtisadiyyatının müəyyən sektorlarına məhdudiyyətlər tətbiq edib. Qərbdə dəfələrlə bildiriblər ki, məhdudiyyətlər Minsk müqavilələrinin tam yerinə yetirilməsindən sonra aradan qaldırılacaq.
Bu müqaviləyə əsasən, Ukrayna hakimiyyəti 2015-ci ilin sonunadək Donetsk və Luqansk rayonlarının xüsusi statusu haqqında qanunun qəbul edilməsini nəzərdə tutan konstitusiya islahatları keçirməli idi. Lakin rəsmi Kiyev hələ də razılaşmanın bu hissəsini yerinə yetirməyib.
Kremldə hesab edirlər ki, sanksiyaları Minsk müqavilələrinin yerinə yetirilməsi ilə bağlamaq absurd məsələdir, çünki Rusiya Ukraynadakı münaqişənin tərəfi deyil.