BAKI, 30 avq-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.
Sputnik president.az-a istinadla xəbər verir ki, dövlət başçısı Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirməyi tapşırıb.
Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.