Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Türkiyənin güclənməsini Osmanlının canlanması kimi görür

© REUTERS / Sergei KarpukhinPutin Ərdoğan görüşü
Putin Ərdoğan görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmişdə qarşılıqlı müharibələr nəticəsində rusların qərbdən İstanbul, şərqdən isə Ərzuruma qədər irəlilədikləri, isti dənizlərə çatmaq uğrunda türkləri özlərinə həmişə rəqib gördükləri bir faktdır. İndi isə bunlar tarixdir, keçmişdə qalıb.

Güngör Gökdağ, Sputnik Azərbaycan

BAKI, 12 avq — Sputnik. Türkiyənin yerləşdiyi coğrafiya geosiyasi quruluş baxımdan olduqca çətin bölgədir. Tarixə istiqamət vermiş cahanşümul imperatorluq keçmişi və hər zaman əzilənin yanında yer alan dövlət anlayışı ilə xüsusi bir çəkisi olan ölkədir Türkiyə. Müharibələri, qarşıdurmaları bol olan coğrafiyada yerləşməsi türklərin qədəridir. Əgər fikir versəniz görərsiniz ki, müqəddəs kitab Quranda zikr olunan peyğəmbərlərin az qala hamısı bu bölgədə yaşayıb. 

Rusiya-Türkiyə əlaqələrinə gəlincə. Ruslar türklər üçün sıravi xalq deyil. Keçmişdə qarşılıqlı müharibələr nəticəsində rusların qərbdən İstanbul-Yeşilköy, şərqdən isə Ərzurum və Trabzona qədər irəlilədikləri, isti dənizlərə çatmaq uğrunda türkləri özlərinə həmişə rəqib gördükləri bir faktdır. İndi isə bunlar tarixdir, yəni keçmişdə qalıb.

Hazırda hər iki ölkənin bir-birinə yaxınlaşmasını zəruri edən geosiyasi şərtlər, qarşılıqlı ticarət əlaqələri, enerji razılaşmaları kimi bir çox ortaq maraqlar var.
Bu səbəblə, prezident Ərdoğanın Moskva səfəri və Vladimir Putinlə olan görüşü, gözləniləndən çox daha müsbət keçmişdir. Hər iki lider qarşılıqlı əlaqələrin, təyyarə böhranından əvvəlki səviyyəyə, hətta ondan da yaxşı səviyyəyə çatması barədə razılığa gəlib.

Qarşılıqlı olaraq təxminən 100 milyard dollara yaxın ticarət həcmi hədəflənib, nüvə layihələrində birlikdə çalışmaq qərarı verilib. Tərəvəz və meyvə ixracatında, tikinti sahəsində Rusiya olduqca vacib bazardır. İllik 4 milyondan çox Rus turist üçün isə tətilin səmərəliliyi baxımdan Türkiyə önəmli yer tutur. Hamısından daha vacibi, iki ölkə arasında enerji tədarük sisteminin yaradılmış olmasıdır. Avropanın əhəmiyyətli istehlakçı olması, Türkiyənin isə coğrafi mövqeyi, onu beynəlxalq xam neft və təbii qaz boru xətlərinin mərkəzi edir. Çünki ölkəmiz dörd bir tərəfi enerji istehsalçıları ilə əhatə olan bir coğrafiyada yerləşir. Türkiyə həm yaxşı bir istehlakçı, həm də Rus qazının Avropaya nəqlində ən etibarlı mərkəzdir. İsrailin Aralıq dənizində tapdığı qazın Avropaya çatdırılmasında da yenə körpü mövqeyindədir. Bu vəziyyət Türkiyəni əhəmiyyətli etdiyi qədər etibarlı olmasını da tələb edir. Rusiya ilə əldə edilən razılaşma və yaxınlaşmanın Türkiyəyə verəcəyi potensial geosiyasi üstünlük və qazanclar, hazırda görünənin çox daha irəlisindədir.

Bu yaxınlığın Avropaya təsirinə gəlincə, Türkiyənin Osmanlının son dövrlərindən bu yana avropalılaşmaq kimi bir istiqaməti həmişə olub. Bu baxımdan, Avropanın böyüməsi yolunda atılan bütün addımlarda Türkiyə davamlı yer almaq istəyib. Bunu sözdə yox, əməldə göstərib. NATO, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi təşkilatlara üzv olmuş, Avropa Birliyinə isə 1959-cu ildən bu yana üzv olmaq istəyir. Əlbəttə bu vəziyyət zaman içərisində qərb ilə yaxınlaşmağı və qaynaşmanı təmin edərək, iqtisadi asılılığı da özü ilə gətirib.

Yaxın zamana qədər qərb dövlətləri, Türkiyəni idarə etməkdə çox da çətinlik çəkmirdi. Ancaq Türkiyə böyüyüb gücləndikcə, qərblilər bunu Osmanlının canlanması kimi görərək, narahat olmağa başlayıb. Diqqət yetirin, 15 iyul qanlı çevriliş gecəsi yaşanan faciəni belə yüksək səslə qınaya bilmədilər. Əksinə insanların üzərinə bombalar yağdıran, milli məclisi darmadağın edən zabitlərin hüquqlarının xatırladaraq, bizə demokratiya dərsi verməyə çalışdılar. Avropanın bu ikiüzlü yanaşmaları artıq türk xalqına da inam vermir. Nə var ki, ABŞ və Avropaya baxmayaraq Türkiyə bölgəsində coğrafi üstünlük baxımından, ağırlığını hiss etdirir. Səudiyyə Ərəbistanı, Qatar və Azərbaycan ilə bəzi ittifaqlara yönələrək, iqtisadiyyatını ayaqda tuta bildi. Bütün sahələrdə sürətli böyüyərək, çoxşaxəli xarici siyasət izləməkdə davam edir. Türkiyə bu addımları ilə Qərbdən bəlkə qopmur amma Rusiya ilə yaxınlaşaraq doğru yolda irəliləyir.

Digər tərəfdən Qərb və ABŞ öz müttəfiqlərindən heç birinin ərazi bütövlüyünün təmin edilməsində etibarlı deyil. Bu vəziyyət isə özü-özündə etimadsızlıq yaradır. Diqqət edin, ABŞ-ın olduğu hər yerdə xaos, ölkələrin bölünməsi və faciələr görülür. Bu ssenari Türkiyə üçün də yazılıb. Türkiyədə etnik zəmində daxili çaxnaşma üçün hər şey edirlər. Rəsmi Ankara bunun fərqinə vardığı üçün ciddi tədbirlər alır və çoxşaxəli xarici siyasət yürüdür.

Rusiya ilə əlaqələrin yenidən əvvəlki halına dönərək yaxşılaşdırılması ABŞ-ın Suriya və Qafqazdakı plan və layihələrinə mənfi təsir edə bilər. Rusiya Amerikanın qarşısında dayana biləcək önəmli bir güc mərkəzidir. ABŞ-a baxmayaraq öz varlığını Suriyada hiss etdirir. Suriya üzərində tarazlıq ünsürü və söz sahibidir. Suriyanın ərazi bütövlüyünün pozularaq, şimalında bir kürd dəhlizi yaradılmaq istənilir. Türkiyə üçün isə belə bir quruluş təhdid qəbul edilir. Rusiya ilə birlikdə hərəkət edilməsi, ortaq planlar qurulması, Türkiyənin təhlükəsizliyini təmin etməklə yanaşı, Suriyanın də ərazi bütövlüyünü təmin edəcək. Eyni zamanda sülhün təsis edilməsini təmin edərək, qaçqın durumuna düşən insanların yenidən öz ölkələrinə qayıtmasına imkan verəcək.

Digər bir vacib məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Rusiya bölgədə bu problemi həll edə biləcək gücə sahib bir ölkədir. Türkiyə ilə əldə olunan strateji tərəfdaşlıq sadəcə iqtisadi razılaşmaları deyil, eyni zamanda heç şübhəsiz ki, regional problemləri də ehtiva edir. Azərbaycan Türkiyə üçün çox əhəmiyyətlidir. Qarabağ probleminin həlli üçün Rusiya ilə danışıqlar bundan sonra daha da artacaq. Türkiyə problemin həlli təşəbbüsünü üzərinə alaraq, məsələni beynəlxalq arenada yüksək səslə dilə gətirəcək. PKK separatçılarına dəstək verən Ermənistan, Türkiyə və Azərbaycanın düşmənidir. Və nəhayətində bölgədə tək qalaraq küncə sıxışan da yenə Ermənistan olacaq.

Xəbər lenti
0