BAKI, 10 avq — Sputnik. "Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının toplantısını Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə ən yaxın vaxtda keçirəcəyik".
Sputnik Sözcü-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazirin sözlərinə görə, bu məqsədlə Lavrov Türkiyənin Alanya şəhərinə səfər edəcək.
Qeyd edək ki, avqustun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə iki ölkə arasında pozulmuş münasibətlərin bərpası istiqamətində atılan addımlar müzakirə edilib.
İki ölkə arasında münasibətlər 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulması ilə pozulmuşdu.