BAKI, 10 avq-Sputnik. "Rusiya hazırda Qarabağ probleminin həlli üçün ciddi səylər göstərir."
Sputnik-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Azərbaycana son səfəri zamanı Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması ilə bağlı müzakirələr apardığını deyən Çavuşoğlu Azərbaycanda buna çox müsbət yanaşıldığını qeyd edib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı bu barədə müzakirələr aparılıb, Putin də buna müsbət yanaşdığını deyib. Bizim Balkanlarda, həmçinin Türkiyə və Azərbaycanın mərkəzdə olduğu bir sıra üçtərəfli mexanizmlər gözəl şəkildə işləyir. Müzakirə olunmalı bir sıra iqtisadi, siyasi mövzular, regional layihələr var"- deyə Türkiyə XİN-in başçısı bildirib.
Hazırda Qarabağ probleminin mövcudluğunun Qafqazın təhlükəsizliyinə ciddi təhdid olduğunu vurğulayan Çavuşoğlu Türkiyə və Rusiyanın problemin həlli üçün ciddi səylər göstərdəyini deyib.
"Bunlar həm ATƏT-in Minsk qrupunun, həm də Putinin şəxsi səyləridir. Sankt-Peterburqda üç prezidentin iştirakı ilə görüş baş tutub. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu, bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də bunu birlikdə dəyərləndirmə imkanımız olacaq" — deyə Çavuşoğlu əlavə edib.