BAKI, 7 avq-Sputnik. "Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub".
Sputnik xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev belə deyib.
Aprel təxribatlarından söz açan prezident İlham Əliyev bildirib ki, Azərbaycan məcburiyyət qarşısında qalaraq torpaqlarını və əhalisini qorumaq üçün addımlar atıb: "Bu addımlar çox təsirli oldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".
"Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək" — deyə iranlı prezident bildirib.
Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti hər iki ölkənin bu sahədə əməkdaşlıq edəcəyini deyib:
"Mədəniyyət sahəsində, nifrətə, qarşıdurmaya qarşı olan islamın təbliği sahəsində birgə fəaliyyətlə bağlı da razılığa gəldik. Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir".