Çərşənbə günü Rosstat 2011-ci ildən bəri ilk dəfə olaraq 0,1% səviyyəsində həftəlik deflyasiya qeydə alıb.
"Sberbank CIB"in analitiki Anton Struçenevski bildirib ki, bu məlumatlar onu təəccübləndirməyib.
"İyul ayında baş verənlər ümumi gözləntilərə uyğundur. Bütün bunlar meyvə və tərəvəz qiymətlərinin azalması ilə bağlıdır. Yaxşı məhsul proqnozlarını da nəzərə alanda, biz avqustda da həftəlik deflyasiya gözləyə bilərik", — deyə o bildirib.
İyul yavaşlaması
Rosstat iyul ayındakı inflyasiya göstəriciləri haqda məlumatlarını dərc etməyib, öz hesablamalarını hələ ki İqtisadi İnkişaf Nazirliyi və Rusiya Bankı təqdim ediblər.
İqtisadi İnkişaf Nazirliyi iyul ayının əvvəlindəki "tarif həftəsi" ilə bağlı 0,4% artan inflyasiya göstəricilərini nəzərə alaraq aylıq inflyasiyanı 0,5-0,7% səviyyəsində qeyd edib. İyul ayının nəticələrinə görə, illik inflyasiya 7,5%-dan 7,2-7,4%-dək yavaşlayıb.
Rusiya Bankı isə iyul nəticələrinə görə hesablanan 7,3%-lik inflyasiyanı 2016-cı ilin sonunadək 5-6%-dək enəcəyini gözləyir. Bankda hesab edirlər ki, bu, keçən illə müqayisədə daha aşağı kommunal xərclər indeksləşməsi və yaxşı məhsul gözləntiləri ilə bağlıdır.
"Sberbank CIB"in analitiki Anton Struçenevski iyul ayının inflyasiyasının 0,5% səviyyəsində olacağını düşünür.
"Bu çox yaxşı göstəricidir, çünki ayın əvvəlində tariflərə baxılmışdı. Keçən il tariflər dəyişilərkən isə inflyasiya 0,8% təşkil etmişdi",- deyə o xatırladıb.
Ekspert hesab edir ki, bu səbəbdən illik inflyasiya 7,2%-dək azala bilər.
"Nordea Bank"ın analitiki Dmitri Savçenkonun proqnozlarına görə isə, aylıq inflyasiya 0,7%, illik inflyasiya isə 7,3% təşkil edəcək.
Çoxdan gözlənilən deflyasiya?
Rusiya İqtisadi İnkişaf Nazirliyi deflyasiyanın avqust və sentyabrın əvvəlində davam edəcəyinə ehtiyatlı nikbinliklə yanaşır.
"Yaxşı məhsul gözləntiləri fonunda deflyasiyanın baş verməsi avqust ayında və sentyabrın əvvəlində də mümkündür", — deyə nazirliyin nümayəndəsi bildirib. Lakin prosesin bütün ay ərzində və ya ayrı-ayrı həftələrdə olacağını o dəqiq deməyib. Nazirlikdən bildiriblər ki, bu haqda daha dəqiq məlumatlar iyul ayındakı inflyasiya haqda hesabatın çıxmasından sonra verilə bilər.
Rusiya Mərkəzi Bankı isə avqust və sentyabr aylarına qiymət dinamikası gözləntilərini müəyyən etməyib. "Yaxşı məhsul gözləntiləri haqda proqnozlar yaxın iki ay ərzində qiymətlərin mövsümi azalmasına səbəb ola bilər", — deyə bankdan bildiriblər.
Azalma trendi
İqtisadi İnkişaf Nazirliyi və Rusiya Bankında hesab edirlər ki, inflyasiya haqda proqnozları cəmi bir həftənin nəticələrinə görə dəyişmək düzgün deyil. "Rusiya Bankının proqnozu eyni olaraq qalır: bu ilin sonunadək illik inflyasiyanın 5-6%-dək azalması gözlənilir", — deyə bank nümayəndəsi bildirib.
Nazirlikdə isə bildiriblər ki, avqust və sentyabr aylarında proqnoz göstəricilərinə yenidən baxılacaq. Nazirliyin 2016-cı ilə olan hazırki proqnozunda inflyasiya 6,5% səviyyəsində qeyd olunub, lakin nazir Aleksey Ulyukayev istisna etmir ki, ilin yekununa bu göstərici 6%-dan da aşağı düşə bilər.
Dmitri Savçenkonun sözlərinə görə, illik inflyasiya 6%-dan çox olacaq. "İnflyasiya təxminən 6,3% təşkil edəcək, lakin azalma trendi davam edəcək. Bu, Mərkəzi Banka ilin sonunadək həlledici dərəcəni 50 punkt aşağı salmağa imkan verəcək", — deyə o bildirib.
Qeyd edək ki, iyul ayında Rusiya Mərkəzi Bankı həlledici dərəcəni dəyişmədən 10,5% səviyyəsində saxlayıb.