BAKI, 26 iyul — Sputnik. Ankara Rusiya lideri Vladimir Putinin, uğursuz dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsini çox yüksək qiymətləndirir. Rusiya Federasiyasının dəstəyi çox güclü təsir bağışlayıb.
Sputnik RİA Novostiyə istinadla xəbər verir ki, bu sözləri Türkiyə baş nazirinin müavini Mehmet Şimşek jurnalistlərə verdiyi açıqlamada deyib. "Çevrilişə cəhddən dərhal sonrakı gün Türkiyənin legitim hakimiyyətinə ən ciddi dəstəyi Rusiya Federasiyası ifadə etdi" — deyə Şimşek bildirib.
"Biz Rusiya Federasiyası prezidentinin Türkiyə Cümhuriyyətinin Prezidentinə etdiyi zəngi yüksək qiymətləndiririk" — deyə o bildirib.
Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə qiyamçılar Türkiyədə hərçi çevrilişə cəhd ediblər. İstanbul və Ankarada baş verən qarşıdurmalar zamanı 246 Türkiyə vətəndaşı ölüb, 2 mindən artıq adam yaralanıb.
Hazırkı Türkiyə hakimiyyətinin legitimliyinə ilk dəstək Rusiya Federasiyasından gəlib. Prezident Vladimir Putin Ərdoğana zəng edərək çevriliş cəhdini pisləyib və Türkiyənin qanuni hakimiyyətinin hərəkətlərinə dəstək ifadə edib.