BAKI, 18 iyul — Sputnik. "Ermənistan hakimiyyəti ölkədə baş verən hadisələri çevrilişə cəhd kimi qələmə verməyə çalışsa da, əslində bu, belə deyil".
Bunu Sputnik-ə Ermənistandakı hadisələri şərh edər politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, baş verənlər sosial partlayışın təzahürüdür: "Burada heç bir çevriliş izi yoxdur. Əksinə, sosial partlayışın təzahürüdür. Hökumət vətəndaş cəmiyyətinin görkəmli nümayəndələrinə repressiya tətbiq edərək bu partlayışın qarşısını almaq istəyir. İrəvanda keçən ilin avqustunda baş verən "elektro-maydan" hadisələrinin təkrarlanmaması üçün bütün tədbirləri görülür".
İ. Vəlizadə, son vaxtlar Ermənistanın siyasi sistemində yeni qüvvə peyda olduğunu və geniş kütləni öz ətrafına cəmləyə bildiyini qeyd edib: "Son illər Ermənistanın siyasi sistemində 3-cü qüvvə meydana gəlib ki, bunun da mövcud hakimiyyətlə heç bir bağı yoxdur. Yəni ənənəvi müxalif partiyalardan fərqli olaraq "Yeni Ermənistan" adlı qurum olduqca böyük bir kütləni ətrafına toplaya bilib".
"Bu, özü qeyri-formal müxalifət növüdür. Ənənəvi müxaliflərə gəlincə, onlar iqtidarla münasibətdə özlərini çoxdan ifşa ediblər. Artıq geniş xalq kütlələri onlara inanmır. Ancaq yeni müxalif kütlə xalqın inamını qazanıb. Bu da hökumət üçün ciddi təhlükə hesab olunur", — siyasi şərhçi bildirib.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, bu gün Ermənistanda yaşananlar xaricdən heç bir köməyi olmayan, hakim zümrə daxilindən yardım edilməyən kiçik bir dəstənin, romantik millətçinin əl atdığı üsuldur. "Baş verənlərin heç bir nəticəsi olmayacaq. Rusiya Serj Sarkisyanı hakimiyyətdə saxlamaq niyyətindədir", — politoloq qeyd edib.
Onun fikrincə, aksiyaçıların tələbi odur ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qərar qəbul edilsin: "Hətta DQ-nin müstəqil olmasını belə, istəmirlər. Yəni bu, ifrat radikal millətçilərin atdığı addımdır".
Z. Əlizadə Ermənistandakı hadisələrin böyümə ehtimalının sıfıra bərabər olduğunu deyib. Onun qənaətincə, proseslər tezliklə yatırılacaq.
Qeyd edək ki, "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib. Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.