BAKI, 11 iyul — Sputnik. Moskva ilə Ankara arasında münasibətlərin normallaşdırılması yaxın 5 ilə ərzində Türkiyə iqtisadiyyatına 10 milyard dollar gəlir gətirəcək. Sputnik-in məlumatına görə, bu barədə RİA Novosti "Аta Yatirim" analitik informasiya agentliyinin hesabatına istinadla məlumat yayıb.
"Biz hesab edirik ki, Türkiyə ilə Rusiya arasında ikitərəfli iqtisadi və ticarət əlaqələri yaxın dövrlərdə daha da yaxşılaşacaq. Cari problemlər həll olunacaq. Ticarət və turizm sahəsində Rusiya ilə əlaqələrin sürətlə yaxşılaşması Türkiyə iqtisadiyyatına illik 4,5-5 milyard dollar qazandıracaq. Yaxın iki il ərzində isə bu, 10 milyard dollara qədər yüksələcək", — deyə bildirilir.
Qeyd olunur ki, Rusiya-Türkiyə iqtisadi münasibətlərinin bərpası Türkiyəyə maliyyə balansındakı defisiti azaltmağa yardım edəcək.
Türkiyə ilə ikitərəfli əlaqələrin normallaşdırılmasına Rusiya prezidenti Vladimir Putinin 30 iyunda imzaladığı 314 №-li fərmandan sonra başlanılıb. Həmin fərman "Rusiya Federasiyası prezidentinin 28 noyabr 2015-ci il tarixli 583 №-li "Rusiya Federasiyasının milli təhlükəsizliyinin qorunması və Rusiya Federasiyası vətəndaşlarının cinayət və qanunazidd hərəkətlərdən müdafiəsi məqsədilə Türkiyə Respublikasına münasibətdə xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında" fərmanı"na dəyişikliklə bağlı idi.
Rusiyanın baş naziri Dmitri Medvedyev bu fərmanı inkişaf etdirərək Nəqliyyat, Mədəniyyət və Xarici İşlər nazirliklərinə, həmçinin digər aidiyyəti orqanlara Rusiya-Türkiyə hava nəqliyyatının və çarter reyslərinin bərpası ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim etmək üçün 1 həftə vaxt vermişdi. O, nəqliyyat təhlükəsizliyi, həmçinin terror təhlükəsinin böyük olduğu rayonlara reyslərin təşkili ilə bağlı xüsusi diqqətli olmağı və lazımi tədbirlərin görülməsini tapşırıb.