BAKI, 7 iyul — Sputnik. "Dağlıq Qarabağ problemini Rusiya və Türkiyə birgə həll edəcək". Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski özəl televiziya kanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə ticari, siyasi və iqtisadi əlaqələrini birləşdirərək, həm dağlıq Qarabağ, həm də kürd problemini həll etməyə çalışacaq: "Əgər dediklərim olsa, yəni Rusiya və Türkiyə əlaqələrini inkişaf etdirsə, bunun müsbət tərəfləri uzunmüddətli olacaq. Yəni mənfi tərəfdən söhbət gedə bilməz. Biz şimaldayıq, türklər cənubda. Biz özümüzə lazım olan dəniz, çimərlik və s. bu kimi şeylərə türklərin sayəsində çata bilərik".
"Qarşılığında isə onlara dünyanın 10 ən inkişaf etmiş ölkəsi sırasında olaraq, nə lazımdırsa, verərik. Bu gün biz ruslara türklər daha yaxşı münasibət göstərir, nəinki, polyaklar, finlər və ukraynalılar. Anadoluda ruslara qarşı əsassız etirazlar yoxdur", — deyə Jirinovski bildirib.
O əlavə edib ki, əgər iki ölkə arasında münasibətlər yaxşılığa doğru davam edərsə, o zaman kürd və erməni problemi öz-özünə aradan qalxmış olar: "Elə bu zaman Dağlıq Qarabağ problemi də özü həll olunacaq, Azərbaycan da narazı qalmayacaq. Bununla Qafqaz, həm də Yaxın Şərqdə müsbət dəyişikliklər olacağına inanıram".