BAKI, 5 iyul-Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov Ankaranı Türkiyədə gizlənən çeçenləri Rusiyaya qaytarmağa çağırıb. "Əgər Türkiyə hakimiyyətinə terrorçular barədə məlumatlar lazımdırsa, növbəti dəfə onlara çağırış edirəm. Yazın! Tarxan Qazıyev, Axmad Umarov, Axmad Patayev, Şirvani Basayev, Maxran Seyidov, Rizvan və Usama Yakubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Xadi Alasxanov, Rustam Naurbayev və onların ideya rəhbəri Movladi Uduqov. Onlar özlərini "türk sahilləri"ndə rahat hiss edirlər", — deyə Kadırov özünün Instagram səhifəsində yazıb.
Siyasətçinin sözlərinə görə, onlar artıq Ankaranı Çeçenistandan çıxan şəxslərlə bağlı xəbərdar ediblər: "Lakin cavab sadəcə sözdən ibarət olub".
Kadırov həmçinin bəyan edib ki, yüz minlərlə insanın qurban getdiyi terrorizmdən çeçen xalqına da pay düşüb: "Amma problem hələ də həllini tapmayıb. Hələ də xaricdə Çeçenistandan qaçmış xüsusi təhlükəli cinayətkarlar mövcuddur".
"Rusiyanı narahat etmək üçün Qərbin, Gürcüstanın və ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları Çatayevi bəsləyiblər. Əgər onların İstanbul hadisələri ilə bir əlaqələri varsa, bunun məsuliyyətini öz üzərilərinə götürməlidirlər və Çeçenistana tərəf baxmamalıdırlar" — deyə çeçen lider əlavə edib.
Qeyd edək ki, iyunun 28-də İstanbuldakı Atatürk hava limanında törədilən 3 terror aktı nəticəsində 44 nəfər həyatını itirib, 239 nəfər yaralanıb. Bu terror aktının təşkilində Çeçenistandan qaçmış Axmed Çatayev adlı şəxs şübhəli bilinir. Onun daha əvvəl "İmarat Kavkaz" təşkilatının lideri Doku Umarovla əlaqələri olub. Umarov öldürüldükdən sonra isə Çatayev İŞİD-ə qoşulub.
2016-cı ilin yanvarında Rusiya Milli Antiterror Komitəsi xəbərdar edib ki, Çatayev Rusiya və Avropada terror aktları törətmək üzrə hazırlıqlar keçən, əsasən Şimali Qafqazdan çıxmış şəxslərdən təşkil olunan xüsusi qruplaşmaya rəhbərlik edir.