BAKI, 1 iyul — Sputnik. Türkiyənin Antalya şəhərinin Kəmər bələdiyyəsi, Rusiyanın vurulan Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ailəsinə ev verəcək. Sputnik haberturk-ə istinadla xəbər verir ki, bu barədə Kəmər bələdiyyəsinin sədri Mustafa Gül açıqlama verib.
Bələdiyyə sədri bu istəyini Rusiyanın Antalyadakı Baş konsulluğuna çatdırıb. Bununla əlaqədar bələdiyyə sədri Rusiyanın Antalyadakı baş konsulu Aleksandr Tolstopyatenko ilə görüşüb.
Jurnalistlərin suallarını cavablayan Mustafa Gül deyib ki, Kəmərdəki otellər və qeyri-hökumət təşkilatlarının imzası ilə ölən pilota Kəmərdən ev vermək qərarına gəliblər: "Bu təkliflərimiz qəbul ediləcəyi təqdirdə həyatını itirən pilotun ailəsini Kəmərdə görmək bizləri xoşbəxt edəcək".
Qeyd edək ki, Türkiyənin hava məkanını pozduğu iddia olunan, Rusiyaya məxsus Su-24 təyyarəsi Suriya ilə sərhəddə vurulub. Oleq Peşkovun cənazəsi Türkiyədən Rusiyaya noyabrın 30-da gətirilib.