BAKI, 30 iyun — Sputnik. "İsrailin 6 il yerinə yetirməkdə dirəndiyi və sonda ancaq bir qismini həyata keçirdiyi bənzər şərtlər, Türkiyə ictimaiyyətinin düşüncəsində istənilən uğuru təmin edə bilmədi. Amma Rusiya ictimaiyyəti üçün bunun tərsi olacağını düşünürəm".
Bunu Sputnik-ə açıqlamasında, Türkiyənin "Akdeniz Siyasət və Toplum Araşdırmaları Mərkəzi"nin əlaqələndiricisi, politoloq Şamil Şensoy deyib. O bildirib ki, xüsusilə Avropa İttifaqından gözlənilən dəstəyin verilməməsi, hətta müzakirələrin dayandırılması məsələsinin gündəmə gəlməsi, eyni zamanda, Suriyanın şimalında ABŞ-ın Türkiyəyə rəğmən PYD ilə işbirliyi içində olması və s. Türkiyəni yenə alternativ siyasi və iqtisadi mütəffiqlərin axtarışına sürüklədi.
"Ayrıca, Rusiyanın Türkiyəyə tətbiq etdiyi rəsmi və qeyri-rəsmi ticari və turistik əngəl və embarqo, alternativ olaraq ehtimal olunan bazarlarda gözlənilən həcmdə ticarətin təmin edilməməsi, Rusiya ilə birgə planlanan bir çox mühüm layihə və yatırımların təxirə salınması, Rusiya-Türkiyə əlaqələrinin bərpa olunmasını şərtləndirən amillər oldu", — deyə araşdırmaçı bildirib.
O, hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə Suriya məsələsi arxa plana keçəcək: "İsraillə normallaşma müddətində və sonrakı dövrdə, Fələstin məsələsinin Türkiyənin daxili siyasi gündəmindən çıxarılması kimi, Rusiya ilə normallaşma müddətində və sonrakı dövrdə uzun bir müddətə Suriya məsələsi də gündəmdən çıxarılacaq".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayaraq, münasibətlərin əvvəlki qaydaya düşməsində maraqlı olduğunu ifadə edib, həmçinin ölən pilotun ailəsindən üzr istəyib. Bu jest Rusiya tərəfdən müsbət qarşılanıb və dünən Putinlə Ərdoğan arasında telefon danışığı baş tutub. Hətta, onların sentyabrda görüşü də planlaşdırılır.