Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezidentlərin üçtərəfli görüşü nə vəd edir?

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidAzərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündən hansısa konkret nəticələr gözlənməsə də, münaqişənin həllində bunun əhəmiyyətli olacağı istisna edilmir.

Prezidentlərin üçtərəfli görüşü nə vəd edir?
BAKI, 13 iyun-Sputnik. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşü bu ayın sonlarında baş tutacaq. Bu ilin aprelində qoşunların təmas xəttində atəşkəsin pozulmasından sonra ATƏT-in Minsk qrupunun artan səyləri fonunda həmsədrlər arasında Rusiyanın ön plana çıxacağı gözlənilən idi. Atəşkəsin pozulduğu ərəfədə də Rusiya atəşin dayandırılması ilə bağlı tərəflərə rəsmi səviyyədə müraciət edən və regionla diplomatik təmasları intensivləşdirən əsas tərəf kimi davranmışdı.

ATƏT-ə hazırda sədrlik edən Almaniyanın Rusiyanın münaqışə tərəfləri ilə ortaq məxrəcə gəlmək baxımından rolunu vurğulaması da təsadüfi deyil. Almaniya kansleri Angela Merkel bu yaxınlarda prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-ə hazırda sədrlik edən dövlətin belə bir bəyanat verməsini hadisələrin gələcək inkişafının yeni görüntülərinə işarə kimi də başa düşmək olardı.

Ekspertlərin fikrincə, Avropa Birliyi və ABŞ regiondakı problemlərin həllində bu və ya digər dərəcədə Rusiya ilə dil tapmaq xəttini götürür. Onların qənaətinə görə, Rusiya regionda hərbi-siyasi təmsilçiliyi olan yeganə gücdür.

Politoloq Azər Rəşidoğlu prezidentlərin Sankt-Peterburq görüşündən hansısa konkret nəticələr gözləməsə də, münaqişənin həllində bunun əhəmiyyətli olacağını da qeyd edir: "Problemin ölü nöqtədən çıxması müsbət haldır. Problem ondadır ki, aprel döyüşlərinədək danışıqlar prosesi tam fiaskoya uğramışdı, ölü nöqtədə idi və bir tərpəniş yox idi. Artıq son aylar ərzində danışıqlarda bir irəliləyiş hiss olunur. Mən güman etmirəm ki, prezidentlərin üçtərəfli görüşündə hansısa ciddi bir müsbət nəticə əldə etmək olar. Böyük ümidlə üçtərəfli görüşdən bir nəticə gözləməyi o qədər də məntiqi saymazdım".

"Prezidentlərin görüşünün nəticə verməsi üçün bu görüş ərəfəsində buna çox ciddi hazırlıq getməlidir. Alt səviyyələrdə, tutaq ki, ekspertlər və ya xarici işlər nazirləri səviyyəsində müəyyən bir hazırlıqlar, razılıqlar olmalıdır ki, bunları prezidentlərin görüşünə təqdim etsinlər və həmin görüşdə real nəticə əldə olunsun. Əgər belə bir hazırlıq yoxdursa, belə bir razılaşmalar görüş öncəsində əldə olunmursa, onda həmin görüşün hər-hansı bir ciddi nəticə verəcəyinə ümid etməyə dəyməz".
Bu fikirləri isə Sputnik-ə politoloq Şahin Cəfərli deyib.
Ekspertin sözlərinə görə, hazırda danışıqların növbəti mərhələsinə hazırlıq səviyyəsinin hansı mərhələdə olması haqda hər hansı ətraflı açıqlamalar verilməyib.

Şahin Cəfərlinin yanaşması belədir: "Həmsədrlərin hər iki ölkənin xarici işlər nazirləri ilə görüşləri keçirilib, lakin bu görüşlərdə tərəflər arasında hər hansı kompromis və razılığın əldə olunması barədə bir məlumat yayılmadı. Şəxsi müşahidəm onu göstərir ki, prezidentlərin növbəti görüşündən ciddi nəticələr gözləməyə dəyməz, ən azı münaqişənin həllinə yönəlmiş hansısa ciddi nəticələri mən gözləmirəm".

Xatırladaq ki, prezidentlərin görüşünün keçiriləcəyi ilə bağlı Rusiya XİN məlumat yayıb. Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

Xəbər lenti
0