"Necə ki, Baltikyanı ölkələr — Latviya, Litva və Estoniyanın qeyri-qanuni şəkildə Sovet İttifaqına birləşdirilməsini tanımadıq, eləcə də Krımın Rusiyaya birləşdirilməsini tanımayacağıq. Bununla yanaşı, bu məsələnin təxirəsalınmaz prioritet hesab edilməsini məsləhət bilmirəm. Bu məsələ, əlbəttə ki, gündəmdə qalacaq, lakin hazırkı məqamda fikrimizi digər məsələlər — islahatlar, Minsk-2 razılaşmalarının tam həyata keçirilməsi üzərində cəmləməliyik", — Rasmussen bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko mayın 27-də NATO-nun sabiq baş katibini özünə məsləhətçi təyin edib. Rasmussen bildirib ki, Qərb ölkələrinin siyasi prioritetlərini Kiyevə çatdırmaq onun bu vəzifədə əsas öhdəliklərindən biri olacaq.
Hərbi-siyasi məsələlər üzrə ekspert, politoloq, Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya fakültəsinin şöbə müdiri Andrey Koşkin, Rasmussenin yuxarıda qeyd olunan fikirlərini Sputnik-ə şərh edib. O bildirib ki, Qərbin Ukrayna ilə bağlı bir sıra vəzifələri tədricən ikinci plana keçir.
"Bu gün NATO blokuna başqa cür baxmaq lazımdır. Alyans qlobal təşkilatın bəzi funksiyalarını öz üzərinə götürməyə başlayır. Onlar artıq bildirirlər ki, problemləri Avropada deyil, onun sərhədlərindən kənarda həll etməyə hazırdırlar. Bu iddia, yəqin ki, ABŞ-ın istiqamətinin Asiya-Sakit okeanı regionuna dəyişməsi ilə bağlıdır", — mütəxəssis bildirib.
Politoloq hesab edir ki, Rasmussenin əsas məqsədi Ukrayna liderinə Qərb mexanizmlərini izah etmək olacaq: "O, əlaqələri daha da sıxlaşdırmalı, Qərb mexanizmlərini anlatmalı və Ukrayna liderinin bir növ oraya daxil olmasını təmin etməli olacaq. Axı Poroşenko NATO standartlarına qoşulmağa hazırlaşdıqlarını bildirmişdi. Və yəqin ki, bunu təmin etmək üçün belə effektiv bir menecer, professional lazımdır".
Andrey Koşkinin sözlərinə görə, Rasmussenin şərhləri Krımın Ukraynaya qaytarılması məsələsinin Qərb, xüsusilə də NATO üçün aktuallığını itirdiyinin göstəricisidir: "Ukrayna Rusiyanı informasiya, hərbi, ərazi və geosiyasi məsələlərdə balanslaşdırmaq üçün lazımdır. Onlar bu platformanı hazırki Ukrayna rəhbərliyinin vaxtında qazanıblar. Bu, onlara özlərini bizim sərhədlərdə rahat hiss etməyə və bütün mümkün vasitələrlə Rusiyaya basqılar etməyə imkan verir".
"Lakin indiki gündəlik Krım yarımadasının Ukraynaya qaytarılması mübarizəsinin NATO üçün aktuallığını itirdiyini göstərir. Biz bilirik ki, artıq İtaliya və digər ölkələrin biznesmenləri sanksiyaların ləğv edilməsini tələb edirlər. Bütün bunlar isə Krımın Rusiyaya birləşdirilməsinə təsir edir. Belə ki, bu gün Qərb rejimi dəyişilməlidir və bu dəyişiklik ifadələrdə hiss olunur", — ekspert əlavə edib.