BAKI, 7 iyun-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Berlində Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkellə görüşüb.
Sputnik prezidentin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, Angela Merkel Prezident İlham Əliyevin Almaniyaya səfərlərinin və Azərbaycan dövlətinin başçısı ilə müxtəlif tədbirlərdə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyən Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi məsələlərinə toxunaraq Almaniya Hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirib.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolundan danışılıb. "Cənub Qaz Dəhlizi"nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi qeyd edilib. Azərbaycanda insan haqlarının təmin olunması, demokratikləşmə prosesinin inkişafı istiqamətində atılan müsbət addımlara toxunulub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. İ.Əliyev cəbhə xəttində baş verən son hadisələr və indiki vəziyyət barədə məlumat verərək bu münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri barədə danışdı. Hazırda ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın Minsk qrupu çərçivəsində münaqişənin nizamlanması prosesində rolu barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında isə Merkel deyib ki, ikitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycandakı iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələr aparıblar.
"Həmçinin Azərbaycandakı sosial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək. Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik" — deyə kansler əlavə edib.
Bununla yanaşı, Merkel deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır:
"Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik".