BAKI, 1 iyun — Sputnik. "Vyana görüşünə Azərbaycan ona görə razılaşdı ki, əgər Ermənistanın mövqeyində hər hansı dəyişiklik varsa, danışıqlara hazırdır".
Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə politoloq Tofiq Abbasov deyib.
"Amma Ermənistan tərəfi yeni heç nə demədi. Azərbaycan isə bildirdi ki, ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz, ermənilər Azərbaycan ərazilərini tərk etməlidirlər. Top Ermənistanın meydançasındadır. Biz dedik ki, siz təkliflərinizi verin, biz dəyərləndirək", — siyasi şərhçi bildirib.
Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilib.
Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak ediblər.