BAKI, 1 iyun — Sputnik. "Cənab Poqosyanın, deyəsən erməni mətbuatının yazdığından xəbəri yoxdur. Onlar yazırlar ki, Azərbaycan apreldə geri aldığı 800 hektar torpaqları geri qaytarsın. Azərbaycan deyir ki, bu 1000 hektardan çoxdur. Ona görə də Poqosyanın Azərbaycanın aprelin 6-da atəşkəs üçün Moskvaya yalvarması barədə dediyi fikrin əsası yoxdur".
Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə Tofiq Abbasov deyib.
"Qarabağda 120 mindən az erməni yaşayır. Hadisələr daha əvvəl başlayıb. Ermənistan 300 minə yaxın azərbaycanlını Ermənistandan qovaraq etnik təmizləmə həyata keçirib", — politoloq bildirib.
T. Abbasov əlavə edib ki, Azərbaycanın istəyi Ermənstanın öz hərbiçilərini işğal altındakı torpaqlardan çıxarmasıdır: "Azərbaycan öz torpaqlarında hərbi əməliyyatlar keçirmək istmir. Çünki bu, bizim ölkənin infrastrukturuna mənfi təsir göstərir".
"Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır. Ermənistan rəhbərliyi deyir ki, biz silah alaraq hərbi əməliyyatları davam etdirəcəyik. Əgər Ermənistanın ali rəhbərliyi hərbi əməliyyatları davam etdirməkdə maraqlıdırsa, necə iddia edə bilər ki, o, sülh tərəfdarıdır?", — deyə siyasi şərhçi bildirib.
"Biz sizin dediyiniz kimi, erməniləri təbrik edəcəyik. Amma sizin dediyiniz kimi DQ-nin müstəqilliyi günü münasibətilə deyil, Azərbaycanın tərkibində daha yaxşı şərtlərlə yaşamağa başlamaları münasibətilə", — T. Abbasov əlavə edib.
Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilir.
Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirlər.