BAKI, 27 may — Sputnik. "Rusiya və Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət, mehriban qonşuluq, bərabər hüquqluq prinsipləri əsasında olan strateji münasibətlər bağlayır".
Bunu Rusiya paytaxtında Azərbaycanın 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxış edən Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin bildirib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan əməkdaşlığının keyfiyyəti və miqyası ildən ilə artır: "Xoşagəlməyən beynəlxalq siyasi konyunkturanın olmasına baxmayaraq bizim ticarət əlaqələrimiz son illər yaxşı inkişaf edib. 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi rekord səviyyəyə, 4 milyard dollara çatıb. Düzdür, daha sonra milli valyutaların dəyərdən düşməsi səbəbi ilə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb. Hazırda nəqliyyat, neft-qaz, kənd təsərrüfatı sənayesi sahələrində əməkdaşlığın stimullaşdırılması yollarının axtarışı istiqamətində fəal iş aparılır".
Rusiya XİN başçısının müavini humanitar sahədə iki ölkə arasındakı əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, iki ölkənin ortaq layihəsi olan Bakı Beynəlxalq Humanitar forumu bunun əyani sübutudur: "Hazırda növbəti foruma, artıq V Bakı Beynəlxalq Humanitar Foruma fəal hazırlıq işləri gedir. Forumun bu ilin sentyabrında keçirilməsi planlaşdırılıb".
Rusiya-Azərbaycan siyasi münasibətlərindən danışan nazir müavini qeyd edib ki, bugünkü ikitərəfli münasibətlər möhkəm bünövrəyə və qarşılıqlı inama əsaslanıb: "İsti və inamlı münasibətlər regionlar və nazirliklər arasında, ilk növbədə ölkə başçılarımız Vladimir Putin və İlham Əliyev arasında mövcuddur. Rusiya və Azərbaycan təkcə dost deyillər, həm də qonşudurlar. Rusiyada cənub qonşumuzu çiçəklənən və geniş əməkdaşlığa açıq görmək istəyirlər. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı xalqlarımızın köklü maraqlarının həyata keçirilməsinə, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək edəcək və Cənubi Qafqazda sülhə və qarşılıqlı anlaşmaya birgə töhfə verəcək".