BAKI, 26 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Atlantik okeandan Sakit okeana qədər iqtisadi və humanitar əməkdaşlıq zonasının yaradılmasına çağırış edib. Rusiya lideri qeyd edib ki, bu yolda ən vacib addım "Avropa və Avrasiyada inteqrasiya proseslərini uyğunlaşdırmaq" olmalıdır.
Putinin fikrincə, regionda əməkdaşlıq prosesi "bərabər və bölünməz təhlükəsizliyin memarlığı"na əsaslanmalıdır. Onun sözlərinə görə, bu məsələ, Avropa digər təsir mərkəzlərinin artan rəqabəti ilə üzləşdiyi bu günün şərtlərində xüsusilə aktualdır.
Prezident vurğulayıb ki, bu yaxınlarda Soçidə keçirilən Rusiya-ASEAN-ın yubiley sammitində tərəflər öz tərəfdaşları ilə aktual beynəlxalq məsələləri, inteqrasiya layihələrinin perspektivlərini və Asiya-Sakit okean regionundakı əməkdaşlığın dərinləşməsini konstruktiv şəkildə müzakirə edib.
"Aydın məsədir ki, bütün Avropa ölkələrinin və Rusiyanın potensialını birləşdirməklə "köhnə qitə"nin yeni beynəlxalq reallıqlardakı layiqli yerini təmin etmək mümkündür", — deyə Putin Yunanıstanın "Katimerini" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Rusiya lideri həmçinin qeyd edib ki, Moskva ilə Avropa İttifaqı arasında həll edilməyəcək ziddiyyətlər yoxdur: "Çoxplanlı tərəfdaşlıq yoluna dönmək üçün yalnız "bir qapıya oynamaq" məntiqindən əl çəkmək, işdə bir-birinin fikir və maraqlarını nəzərə almaq lazımdır".
Putin əlavə edib ki, Avropa tərəfi hələ ki, Rusiya ilə dialoqa hazır deyil. Rusiya Prezidentinin bu məqaləsi onun mayın 27-28-də Yunanıstana edəcəyi rəsmi səfərlə bağlıdır.