O bildirib ki, apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları, münaqişənin dalandan çıxması üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. "Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir", — deyə Frank-Valter Ştaynmayer vurğulayıb.
"İnsidentlərin araşdırılması mexanizmi" deyərkən ATƏT sədrinin nəyə işarə vurması ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyir ki, prezidentlərin Vyana danışıqlarından sonra ATƏT bölgədə müşahidəçilərinin sayını artırmaq niyyətindədir: "Bundan başqa, amerikalılar bildiriblər ki, cəbhə xətti boyu kameralar quraşdırılsın. Atəşkəsin hansı tərəfdən pozulduğunu müşahidə eləsinlər. Mən ümumiyyətlə belə başa düşürəm ki, bütün bu tədbirlər münaqişənin bir qədər də beynəlmilləşməsinə yönəlmiş tədbirlərdir".
"Burada başlıca maraq münaqişənin alovlanmasının qarşısını almaqdır. Amma, digər tərəfdən də bu, münaqişə tərəflərinin, o cümlədən də torpaqları işğal altında olan Azərbaycanın suverən hüquqlarının məhdudlaşdırılmasıdır. Ona görə də bu, bizim üçün əlverişli variant deyil", — siyasi şərhçi Sputnik-ə açıqlamasında deyib.
Ə. Oruclu hesab edir ki, vasitəçilər belə primitiv tədbirlər həyata keçirməklə münaqişənin alovlanmasının qarşısını almağa çalışırlar. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə insidentlərin araşdırılması mexanizminin Ermənistanın maraqlarına xidmət etdiyini düşünür. Onun fikrincə, Vyana danışıqlarında bu məsələnin qaldırılması ona hesablanıb kı, atəşkəs pozulmasın.
"Amma, biləsiniz ki, həmin o monitorinq cihazlarının orada yerləşdirilməsi məsələsinə ATƏT sədrinin münasibət bildirməsi Sarkisyanın aprel hadislərindən sonra verdiyi üç şərtin tərkib hissəsidir", — ekspert Sputnik-ə şərhində bildirib.
İ. İsmayıl iddia edir ki, Vyanada S.Sarkisyanın irəli sürdüyü şərtlər müzakirə olunub: "Vyana danışıqlarının sonunda sənəd qəbul olunmadı, bəyanat verildi, bu isə bizim üstünlüyümüzdür".
Mütəxəssisin sözlərinə görə, monitorinq məsələsinin ortaya atılması o deməkdir ki, orada nə qədər monitorinq olacaqsa, o vaxta qədər biz Qarabağı görməyəcəyik. O, eyni zamanda diplomatları fəal olmağa çağırıb: "Bu gündən sonra bu məsələnin hansısa bir formada Azərbaycanın xeyrinə həll olunması bizim diplomatiyamızın çevikliyindən və ustalığından asılı olacaq".
Politoloq Azər Rəşidoğlu isə təmas xətti boyunca kameraların yerləşdirilməsi ideyasına ciddi yanaşmır: "Azərbaycan öz ərazilərinə nəzarəti özü həyata keçirməlidir. Bu baxımdan kamera yerləşdirilməsi kimi təkliflər Azərbaycanın konstitusiyasına və maraqlarına ziddir. Bu məsələdə konkret bir mövqeyin əldə olunması mümkün olmadığına görə, məhz fokuslaşma həmin o kameralar məsələsinə yönəldilib. Güman edirəm ki, yaranmış vəziyyətdə Azərbaycanın hansısa bir sazişə imza atmasının özü belə, məqbul variant deyil".
O qeyd edib ki, təmas xətti boyunca hər hansı formada monitorinq aparmaq yox, münaqişənin həllində konkret maddələr üzərində işləmək lazımdır.
Xatırladaq ki, prezidentlərin Vyana görüşdən sonra, tərəflərə təmas xətti boyunca kameraların yerləşdirilməsi və atəşkəsin pozulması hallarının qeydə alınması barədə təklif səsləndirilməsi xəbərini "Associated Press" agentliyi yayıb.