BAKI, 14 may- Sputnik. Rusiyanın aparıcı gündəlik qəzetlərindən olan “Novıye İzvestiya” mayın 13-dən çapını dayandırıb.
Sputnik "Novıye İzvestiya"nın rəsmi saytına istinadən xəbər verir ki, redaksiya bu addımı maliyyə çətinliklərinə görə atıb. Qəzetin saytında yayılan açıqlamada bildirilir ki, bəzi tərəfdaşların süni şəkildə yaratdığı maliyyə vəziyyəti çap versiyasının fəaliyyətini davam etdirməyə imkan vermir. Yazıda qeyd olunur ki, yaxın vaxtlarda maliyyə çətinlikləri öz həllini tapmasa, qəzetin saytı da fəaliyyətini dayandıracaq.
Xatırladaq ki, “Novıe İzvestiya”nı 1997-ci ildə “İzvestiya” qəzetindən ayrılmış bir qrup jurnalist yaradıb. 2003-cü ilə qədər qəzetə “İzvestiya”nın baş redaktor postundan istefa vermiş İqor Qolembiovski rəhbərlik edib. 2003-cü ildən baş redaktor postunu Valeri Yakov tutur. Qəzetin səhmləri də onun mülkiyyətindədir.