rezidentlərin gözlənilən görüşünü şərh edən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, nə qədər ki, həmsədr dövlətlər arasında məsələyə ümumi yanaşma yoxdur, bu kimi görüşlərdən heç bir şey gözləməyə dəyməz. "Hansısa pozitiv irəliləyişdən söhbət gedə bilməz. Ona görə ki, hələlik həmsədr dövlətlər arasında ümumi yanaşma yoxdur. Bu həm Rusiyanın, həm də ABŞ-ın Minsk qrupundakı həmsədrlərinin açıqlamalarından aydın görünür", — politoloq Sputnik-ə açıqlamasında bildirib.
Digər tərəfdən isə, onun qənaətincə, aprelin əvvəlində yaşanan qarşıdurmalardan sonra Ermənistanda yaranmış ictimai-siyasi situasiya hansısa addımların atılmasına imkan vermir: "Eyni zamanda Rusiyanın müəyyən təklifləri olub. Digər tərəfdən isə bu günlərdə amerikalı həmsədr bəyan elədi ki, ümumiyyətlə heç bir ilkin şərt irəli sürmədən danışıqlar prossesinə başlanmalıdır. Burada da çox ciddi ziddiyyət var. Ona görə, mən düşünmürəm ki, bu şəraitdə hansısa bir irəliləyiş ola bilər".
Oruclu hesab edir ki, həmsədr ölkələrin öz aralarında olan ziddiyyət danışıqlar prossesinə mane olur: "Müharibə ehtimalı həmişə var. Aprelin əvvəlində müharibə olacağını heç kim gözləmirdi. Nə qədər ki, proses öz həllini tapmayıb, bu ehtimal həmişə var və həmişə də olacaq".
Politoloq İlqar Vəlizadə isə bu görüşün ötən ay baş verən hərbi əməliyyatlarla bağlı olduğunu düşünür. Onun sözlərinə görə, artıq münaqişə "pat" vəziyyətindən çıxıb: "Bu görüşdə isə əsas məqsəd yaranmış vəziyyəti təhlil etməkdir. Azərbaycan tərəfi bu görüşə öncədən bəyan olunmuş prinsiplərlə gedəcək".
"Bu prinsiplər isə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsi və məcburi köçkünlərin geri qayıtması üçün müəyyən təminatlar verir. Ermənistan isə bunu istəmir. Bundan boyun qaçırır. Onlar başqa təklif irəli sürürlər. Bu təklif atəşkəsi qeyri-müəyyən müddətə qədər bərpa etməkdən ibarətdir", — deyə politoloq vurğulayıb.
Siyasi şərhçinin fikrincə, bu iki prinsipial fikir ayrılığına baxmayaraq, həmsədrlər çalışacaqlar ki, iki tərəfi də bir ortaq məxrəcə gətirsinlər: "Amma, həmsədrlərin özlərinin də məsələyə baxışında ziddiyyətlər var. Bu ziddiyyətləri biz açıq şəkildə görə bilməsək də, dolayısı ilə müşahidə edirik. Misal üçün, məhz elə bu ərəfədə informasiya yayıldı ki, Rusiya Prezidenti bölgəyə gəlir. Amma, daha sonra məlum oldu ki, bu görüş təxirə salınır. Çox güman ki, bu səfər Vyana görüşünün gündəmə gəlməsi ilə təxirə salınıb və bununla bağlı razılıq əldə olunub".
Vəlizadə, bu görüş də əvvəlki görüşlər kimi nəticəsiz qalarsa, cəbhədə vəziyyət yenidən gərginləşəcəyi düşüncəsindədir: "Formula 1-lə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Amma, təsəvvür eləyin ki, Bakıda Formula 1 yarışları keçirilən zaman Ermənistan tərəfi cəbhədə təxribat törədir, hansısa bir gərginlik törədir. Azərbaycan tərəfi gözləyəcək ki, formula qurtarsın, sonra müharibəyə başlasın? Bu, mümkün deyil. Müharibə hətta Formula 1 yarışı gedən zaman da mümkündür".
"İş ondadır ki, bu yarışdan sonra müharibə ehtimalı daha da çoxalır. Düşünürəm ki, Azərbaycanın istər siyasi, istərsə də hərbi rəhbərliyi danışıqlardan asılı olmadan müharibəyə hazırdır", — təhlilçi vurğulayıb.
Qeyd edək ki, sözügedən görüş baş tutsa, bu, iki ölkə prezidentinin 2016-cı ildə ilk görüşü olacaq. İlham Əliyev və Serj Sarkisyanın son görüşü isə ötən ilin dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.