BAKI, 12 may — Sputnik. Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub. Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb", — deyə MN bildirir.
Nazirlik qeyd edir ki, hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur: "Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür".