BAKI, 12 may — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birbaşa danışıqlar prosesinə başlamağa çağırıblar.
Sputnik xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatından bildirilir.
Onların sözlərinə görə, belə bir görüş gələn həftə Vyanada baş tuta bilər. Daha əvvəl İrəvandakı diplomatik mənbə prezidentlərin görüşünün həmsədrlərin dəstəyi ilə Avstriya paytaxtında keçiriləcəyini bildirmişdi.
"Bu yaxınlarda baş verən zorakılıq və gərginliyin azaldılması zərurətindən çıxış edərək, biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin vaxtı çatıb", — deyə bəyanatda vurğulanır.
Minsk Qrupunun həmsədrləri — rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik və fransalı Pyer Endryu, prezidentlərin Vyana görüşünü gələn həftə təşkil etməyə hazır olduqlarını bəyan ediblər: "Görüşün əsas məqsədləri atəşkəs rejiminin qorunmasına, baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsi üçün münbit şəraitə imkan verəcək qarşılıqlı etimad mühitinin yaradılmasına nail olmaqdır".
"Zorakılığın davam etdiyi müddətdə uğur əldə etmək, danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkün deyil", deyən həmsədrlər Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını bir daha qeyd ediblər.